“Nokia” işçilərinin 16 faizini ixtisar edir
Finlandiyanın telekommunikasiya avadanlıqları istehsalçısı “Nokia” üçüncü rübdə satışların 20 faiz azalmasından sonra xərcləri azaltmaq planı çərçivəsində 14 min işçini ixtisar etməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, işdən çıxarılması planlaşdırılan işçilərin sayı şirkətin işçi qüvvəsinin 16 faizinə bərabərdir.
Şirkətdən verilən açıqlamaya görə, bu, kadr xərclərinin 10-15 faiz azaldılması deməkdir və gələn il 400 milyon, 2025-ci ildə isə 300 milyon avro qənaət gözlənilir.
Şirkət üçüncü rübdə 4,98 milyard avro gəlir əldə edib. Buna səbəb müxtəlif bazarlarda, xüsusən də Şimali Amerikada 5G məhsullarının satışının azalmasıdır. Ötən ilin eyni dövründə şirkətin satış gəlirləri 6,24 milyard avro olub.
ABŞ və Avropa İttifaqının operatorları kapital xərclərini azaltdıqları üçün 5G avadanlıq istehsalçıları çətinliklə üzləşir.
“Nokia”, həmçinin bazar gözləntilərindən daha zəif maliyyə nəticələrini açıqlayıb. Şirkətin maliyyə nəticələri deməyə əsas verir ki, mobil şəbəkələr bazarında tənəzzül əvvəl proqnozlaşdırılandan daha dərin olacaq.
Üçüncü rübdə şirkətin düzəliş edilmiş əməliyyat mənfəəti 424 milyon avro təşkil edib. “Bloomberg”in sorğusuna əsasən, bu rəqəmin 545,2 milyon avro olacağı gözlənilirdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay