Dünyaca məşhur jurnal 135 illik macərasını başa vurur
Məşhur "National Geographic" jurnalı daha çap mediası sayılmayacaq.
Valyuta.az xəbər verir ki, elm, kəşf və araşdırma tipli yazıların dərc olunduğu jurnalın 135 illik çap macərasına son qoyulacağı açıqlanıb. Rəqəmsal mediaya məğlub olanların sırasına qoşulan məşhur elm jurnalı bütün daimi yazarları ilə yollarını ayırıb. Nəşr gələn ilə qədər yalnız müstəqil işçilərin məqalələrini təqdim edəcək. Gələn ildən etibarən isə çap nəşri macərasını tamamlayacaq. 1888-ci ildə qurulan və illər ərzində böyük bir brendə çevrilən "National Geographic", son olaraq "The Walt Disney Company"nin "çətiri altında" yayımlanırdı. Ötən illərdə digər ölkələr üçün xüsusi buraxılışlarının artıq çap olunmayacağı açıqlanan jurnal, indi ingiliscə nəşri ilə vidalaşmağa hazırlaşır. Bununla bağlı şirkətin sözçüsü Kris Albert açıqlama verib. O, "National Geographic"in daha çox rəqəmsal məhsullara diqqət yetirəcəyini, qəzet köşklərində yalnız xüsusi nəşrlərin olacağını bildirib. Hazırda jurnalın 1,8 milyon abunəçisi olduğu bildirilib.
Dünyanın ən köklü jurnallarından biri olan "National Geographic"in bu addımının səbəbi isə maliyyə vəziyyətidir. Bütün dünyada rəngli fotoşəkilləri, maraqlı yazıları ilə tanınan jurnal bir əsrdən çox əvvəl elm və kəşfləri təbliğ edən "National Geographic Society" tərəfindən təsis olunub. Jurnal Alexander Qraham Bell də daxil olmaqla akademiklər, elm adamları və macəraçılardan ibarət bir fond tərəfindən idarə olunurdu. Jurnalın rəhbərliyi son on ildə iki dəfə dəyişib. Əvvəlcə "20th Century Fox"a satılan media orqanı, 2019-cu ildə 71 milyard dollar qarşılığında "Walt Disney"in sərəncamına keçəndən sonra yenidən əl dəyişdirdi. Bu proseslər zamanı bir sıra ixtisarlar da həyata keçirilib. Jurnalın əməkdaşlarından biri Kreyq Velç sosial şəbəkədə paylaşdığı məlumatda 16-cı və son məqaləsini yazdığını, həmçinin "NatGeo"nun bütün işçilərinin, yazarlarının işdən çıxarıldığını bildirib. Bununla yanaşı, jurnalda “müəllif” titulu olan heç kimin qalmadığı, yalnız kənardan yazanların ilin sonuna qədər yeni hekayələr üzərində işləməyə davam edəcəyi açıqlanıb. Bütün bu tənzimləmələr aprel ayında aparılan restrukturizasiya nəticəsində həyata keçirilib. Ancaq proses zamanı neçə nəfərin işini itirdiyi haqda məlumat verilməyib.
Jurnalın mətbuat katibi açıqlamasında, “National Geographic" mədəni təsiri ilə görkəmli multiplatformalı hekayələrə həsr olunmuş aylıq jurnalın dərcinə davam edəcək. Kadr dəyişiklikləri bu işi görmək qabiliyyətimizi dəyişməyəcək, əksinə fərqli hekayələrlə və müxtəlif platformalarda oxucularımızla görüşmək üçün bizə daha çox çeviklik verəcək. Son dəyişikliklərin jurnala və ya hekayələrimizin keyfiyyətinə mənfi təsir göstərəcəyinə dair söhbətlər tamamilə doğru deyil" - sözlərini söyləyib.
1980-ci illərin sonlarından etibarən pik həddə çatan çap mətbuatında xüsusi yeri və ABŞ-də 12 milyon abunəçisi olan “National Geographic" bütün dünyada populyar idi və xeyli sayda oxucu tərəfindən izlənilirdi.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay