Ərəb bölgəsində nə qədər qaçqın var? - Dəhşətli statistika açıqlandı
Beynəlxalq Qızıl Xaç Təşkilatının (BQXK) Yaxın Şərq direktorunun mətbuat katibi İmane Trabelsi ərəb coğrafiyasında illərdir davam edən münaqişələr və zorakılıqlar səbəbindən 16 milyon insanın qaçqın statusunda yaşadığını bildirib.
Valyuta.az xəbər verir ki, Trabelsi 20 İyun Dünya Qaçqınlar Günü münasibətilə Yaxın Şərq və Şimali Afrikadakı qaçqın və köçkünlərin vəziyyəti ilə bağlı açıqlama verib.
Suriyanın sığınacaq axtaranlar siyahısının başında olduğunu ifadə edən Trabelsi deyib: "Qonşu ərəb ölkələrinə, İordaniya, İraq və Livana sığınan suriyalı qaçqınların sayı 5 milyonu keçib. İordaniya və Livan kimi ərəb ölkələrində yaşayan qaçqınların vəziyyəti acınacaqlıdır, çünki bu ölkələrin özləri çətin iqtisadi prosesdən keçir".
Ölkədəki suriyalıların vəziyyətinin heç də yaxşı olmadığını bildirən Trabelsi "Hazırda Suriyada yaşayan 22 milyon insanın 15 milyonu müxtəlif humanitar yardımlara möhtac olaraq həyat mübarizəsi aparır. 12 milyon suriyalı ərzaq təminatında ciddi problemlər yaşayır", deyib.
Qırmızı Xaç rəsmisi bütün ərəb coğrafiyasında 16 milyon insanın bitib-tükənməyən qarşıdurmalar və zorakılıqlar səbəbindən qaçqın kimi həyatını davam etdirdiyini vurğulayıb. Bölgədə qaçqınlarla yanaşı, milyonlarla daxili miqrantın da olduğuna diqqət çəkən Tablesi deyib:
"Suriyadakı köçkünlərin sayı 6 milyon, Yəməndə isə 5 milyon civarındadır. Ölkələrini tərk etməsələr də, daxili miqrantlar da çox çətin şərtlər altında sağ qalmaq üçün mübarizə aparırlar. Səhiyyə, təmiz içməli su və əsas xidmətlərlərdən məhrumdurlar".
Qırmızı Xaç Cəmiyyətinin Yaxın Şərq sözçüsü xatırladıb ki, Sudanda təxminən 9 həftədir davam edən münaqişə bölgədə yeni miqrasiya dalğasına səbəb olub: "Sudanda böyük bir daxili köç var. Eyni zamanda bir çox insan qonşu ölkələrə sığınmaq məcburiyyətində qalıb. Sudanlı qaçqın və daxili miqrantların sayı hələ dəqiq deyil, lakin qarşıdurmaların davam edəcəyi təqdirdə bu nisbət daha da artacaq".
"Sudanda başqa ölkəyə miqrasiya edən və ya sığınan insanlarla əlaqənin kəsilməsi, ailələrin ölümlərdən xəbərsiz olması, ölənlərin şəxsiyyətinin müəyyən edilməməsi və ya münaqişənin bir tərəfində saxlanılan şəxslərin itkin düşməsi ilə bağlı xəbərlər artır”, deyə Qırmızı Xaç Cəmiyyətinin rəsmisi bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay