ABŞ Rusiyaya görə Türkiyə banklarını dollardan ayırmaqla hədələdi
ABŞ hakimiyyəti Türkiyəyə təzyiqləri gücləndirir və milli valyutalarda hesablaşmalar üçün sanksiyaya məruz qalan Rusiya banklarına müxbir hesablar açdığı təqdirdə, yerli bankları dollarla əməliyyatlar aparmaq imkanından məhrum etməklə hədələyir.
ABŞ maliyyə nazirinin müavini Uolli Adeymonun Türkiyədəki Amerika Ticarət Palatasına göndərdiyi məktuba görə , türk bankları Rusiya bankları ilə, yoxsa ABŞ bankları ilə işləmək istədiklərini seçmək məcburiyyətində qalacaqlar ("The Wall Street Journal” məktubla tanış olub). Vaşinqtonun yazışmalarından xəbəri olan rəsmi şəxs qəzetə bildirib ki, Adeymo eyni məktubu ölkənin ən yüksək biznes qurumu olan Türk Sənaye və İş Adamları Birliyinə (TUSİAB) də göndərib.
Məktubda deyilir ki, Türkiyə bankları ABŞ bankları ilə eyni münasibətləri davam etdirərkən sanksiya tətbiq edilən Rusiya bankları ilə müxbir əlaqələri ola bilməz.
"Lütfən, sanksiyaya məruz qalmış Rusiya qurumları ilə sövdələşmənin Türkiyə maliyyə qurumları və şirkətləri üçün risk yarada biləcəyini nəzərə alın”, - Adeymo məktubda yazıb.
Xatırladaq ki, məktubları göndərməzdən əvvəl Maliyyə Nazirliyində sanksiyalar siyasətini və tətbiqini koordinasiya edən Adeymo keçən həftə Türkiyə maliyyə nazirinin müavini Yunus Elitaş ilə danışıb. Adeymo rusiyalıların "ABŞ və 30 ölkənin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün" Türkiyədən istifadə etməsindən narahatlığını ifadə edib.
Türkiyə Maliyyə Nazirliyinin məlumatına görə, Elitas amerikalı həmkarını Rusiya ilə dərin iqtisadi və siyasi əlaqələrə baxmayaraq, Ankaranın sanksiyaların pozulmasına yol verməyəcəyinə inandırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə Vladimir Putinlə görüşdən sonra Rusiya ilə iqtisadi əməkdaşlığı genişləndirəcəyini vəd edib. Onun sözlərinə görə, o, Rusiya qazının tədarükünü rublla ödəməyə razılaşıb və əlavə edib ki, Türkiyənin 5 bankı "Mir” kartları ilə ödənişləri qəbul etməyə imkan verən ödəniş sistemi tətbiq edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay