Dünya üzrə mənfi gəlirli borclar 16 trilyon dolları ötdü
Dünya ölkələrinin mənfi gəlirli borc öhdəliklərinin həcmi cari ilin ilk yarısında 16,5 trilyon dollara çatıb.
Valyuta.az Marja-a istinadla xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Belə ki, bu göstərici son 6 ayın ən yüksək göstəricisidir. Nəticə etibarilə borcverənlər zərər etməkdədir, çünki orta hesabla 1,5-2% olan dövlət istiqrazlarının gəlirliliyi sıfırın altına düşüb.
Mənfi gəlirlilik o deməkdir ki, investorlar öz maliyyə vəsaitlərini borc vermək üçün ənənəvi formada borcalandan faiz gəlirləri əldə etmək əvəzinə, onlara əlavə vəsait ödəyir. Dövlət istiqrazlarında mənfi gəlirliliyin yaranmasının əsas səbəbləri son 1 ildə pandemiyanın iqtisadi zərərlərini aradan qaldırmaq üçün əksər mərkəzi bankların iri həcmdə istiqraz alması və iqtisadiyyata pul səpələməsi, eləcə də biznesin bərpa tempi ilə bağlı gözləntilərin özünü demək olar ki, doğrultmamasıdır.
Nəticə etibarilə iqtisadi nəhənglərdən Yaponiyanın 10 illik obliqasiyalarının gəlirlilik dərəcəsi dekabrdan bəri ilk dəfə bu həftə sıfırın altına, Almaniyanın 10 və 30 illik istiqrazları -0,51%-ə, Fransanın 12 illik, İspaniyanın 9 illik, İtaliya və Yunanıstanın 7 illik borc kağızları 0-ın altına düşüb.
May ayında mənfi gəlirli istiqrazların həcmi 12 trilyon dollar idisə, iyunun sonuna bu rəqəm 16,5 trilyon dollara qədər yüksəlib. Gedişat ilin sonuna kimi 2020-ci ilin rekordunun - 18 trilyon dollarlıq mənfi gəlirli borcların təkrarlanacağını göstərir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay