90 il əvvəl cəmi 20 dollara idi: İndi isə 19 milyon dollara satılır
2 gün öncə Nyu-Yorkun Sotheby’s auksonunda maraqlı bir hadisə yaşanıb.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, 1933-cü ildə ABŞ zərbxanasında buraxılmış qızıl sikkə rekord qiymətə - 18,9 milyon dollara satılıb. Bununla da dünyanın ən bahalı monetası rekordu yenilənib.
1792-ci ilin aprelində yenicə müstəqillik qazanmış Amerika Birləşmiş Ştatları Konqresinin qəbul etdiyi və prezident Corc Vaşinqtonun imzaladığı Qanuna əsasən, ABŞ dolları gənc dövlətin pul vahidi kimi təsdiqləndi. Qanun həmçinin ABŞ Zərbxanasının yaradılmasını və sikkələrin buraxılması qaydalarını müəyyənləşdirdi.
Həmin ildən başlayaraq, bir üzündə ABŞ-ın müstəqillik simvolu olan Azadlıq İlahəsinin təsviri, digər üzündə qartal olan aşağdıakı qızıl dollar sikkələr dövriyyəyə buraxıldı:
Eagle (10 dollar, 17,5 qram) - 1795-1933-cü illər;
Half Eagle (5 dollar, 8,75 qram) - 1795-1929-cu illər;
Quarter Eagle (2,5 dollar, 4,37 qram) - 1796-1929-cu illər;
Double Eagle (20 dollar, 33,44 qram) - 1849-1933-cü illər.
1904-cü ildə o zamankı ABŞ prezidenti Teodor Ruzvelt 20 dollarlıq sikkənin yeni dizaynının hazırlanmasını memar Avqust Sent-Qaudensə tapşırdı. 1907-ci ildə vəfat edən memar yeni dizayndakı monetanı görə bilməsə də, 1933-cü ilə qədər 20 dollarlıq sikkə məhz onun verdiyi quruluşda buraxıldı.
1933-cü ildə ABŞ-dakı iqtisadi böhran fonunda qızıl sikkələrin dövriyyədən yığışdırılması barədə qərar qəbul edildi. Elə həmin ildə istehsal edilmiş 400 mindən artıq Double Eagle da digər qızıl monetalar kimi ləğv olunaraq, əksəriyyəti əridildi. Lakin 20 ədəd qiymətli eksponat sirli bir şəkildə oğurlanaraq, az qala bütün dünyanı dolaşıb....
1944-cü ildə bu sikkələrdən birini Misir Kralı Faruq satın alıb. Daha sonra yenidən əl dəyişdirən moneta 2002-ci ildə naməlum şəxsə 7,6 milyon dollara satılıb. Əsrarəngiz səyahətini davam etdirən qızıl 20-lik məşhur ayaqqabı dizayneri və biznesmen, Hollivudun ən varlı aktyorları, Beyons və digər müğənnilər üçün özəl ayaqqabılar hazırlayan Stuart Weitzmanın əlinə keçib.
Nəhayət, 2 gün öncə Nyu-York auksionunda yenidən adı bilinməyən şəxs bu nadir eksponatı Weitzmandan 18,9 milyon dollara alaraq, dünyanın ən bahalı puluna sahib olub. Bəlkə də, bu qiymət hələ son deyil...
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay