BAKU Azərbaycan
29.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8443
  • 1 Rusiya rublu
    0.0194
  • 1 Türkiyə lirəsi
    0.0518
  • 1 İngiltərə funt sterlinqi
    2.191
49448

Azərbaycanda büdcə vəsaitinin dövlət qiymətli kağızlarına yönəldilməsinin qarşısının alınması ilə bağlı müvafiq iş aparılır. Maliyyə Nazirliyindən bununla bağlı müvafiq təkliflər hazırlandığı bildirilib.

Maliyyə naziri Samir Şərifov da Milli Məclisdə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirmişdi ki, dövlət büdcəsindən ayrılan vəsaitin hesablarda qalmasına birmənalı yanaşmaq olmaz: "Dövlətə məxsus publik hüquqi şəxslərin və ya fondların büdcədən vəsaiti alıb, onu dövlət qiymətli kağızlarına yönəltməsi düzgün hesab oluna bilməz".

Bəs görəsən, büdcə vəsaitinin dövlət qiymətli kağızlarına yönəldilməsinin qarşısının alınması ilə bağlı addım atmağa hökuməti nə vadar edir? Hansı səbəbdən bu addımın atılması vacib hesab olunur? Bunun kimə xeyri, kimə zərəri var?

Məsələ ilə bağlı iqtisadçıların rəyini aldıq.

İqtisadçı Xalid Kərimli Oxu.Az-a açıqlamasında Maliyyə Nazirliyinin təklifinin doğru olduğunu vurğuladı:

"Məsələ ondan ibarətdir ki, dövlət təşkilatları smeta verirlər və əsaslandırırlar ki, dövlət büdcəsindən vəsait ayrılması üçün smetanı niyə veriblər.

Burada iki məqam ola bilər: birinci məqam odur ki, məsələn, hər hansı dövlət təşkilatına vəsait oktyabrda lazım olduğu halda onlar bir az tez, məsələn, apreldə pulu alırlar. Həmin o arada qalan dörd-beş ayın vəsaitini yönəldirlər dövlət istiqrazlarına. İkinci məqam isə o ola bilər ki, ya şişirdilmiş tələbat verilir, ya da hansısa səbəbdən vəsait istifadə olunmadığı üçün onu dövlət istiqrazlarına yönəldirlər.

Burada ən əsas və maraqlı məqam odur ki, birincisi, cari hesablarda qalan vəsaitlər dekabr ayından sonra banklar üçün əlavə problem yaradır. Ona görə ki, bank cari hesabında qalan vəsait üçün də Mərkəzi Bankda cari ehtiyat norması yaratmaq məcburiyyətindədir. Bir növ bankın pulunun bir hissəsi, yəni faizə mütənasib olaraq, Mərkəzi Bankda cari ehtiyatlara görə rezerv kimi saxlanılır.

Burada nüans nədir? Təsəvvür edin ki, bir tərəfdən Maliyyə Nazirliyi istiqraz buraxıb borc alır ki, kəsiri maliyyələşdirsin, digər tərəfdən həmin o kəsirin formalaşmasında iştirak edən dövlət təşkilatları, hansı ki, onlara vəsait ödənilib, həmin o vəsaiti gətirib Maliyyə Nazirliyinin istiqrazına qoyur və öz yalançı hesabatlarını yaxşılaşdırmış olurlar və deyirlər, "bəs istiqraz gəlirimiz bu qədərdir" və s.

Yəni bir növ hamam suyu ilə dost tutmağa bənzəyir. Maliyyə Nazirliyindən pulu hansısa səbəbdən vaxtından tez və ya həcmindən çox alıb gətirib qoyur istiqraza və faiz gəlir əldə edir, yanlış olaraq hesabatı şişirdir, bununla da ya bonus alır, ya da deyirlər, "bravo, yaxşı işlətdin". Bu isə dövlətin öz resurslarından istifadə etməklə dövləti aldatmaq deməkdir. Ona görə də Maliyyə Nazirliyinin bu mövqeyini mən doğru hesab edirəm.

Düzdür, mən fikrimdə, əsasən, təşkilatların üstünə düşdüm, amma məsələ ondan ibarətdir ki, Maliyyə Nazirliyi özü də pulu vaxtında və o həcmdə verməli idi ki, həmin təşkilatlar pul içində bolluqda qalıb onu nə cür istifadə etməyi düşünməsinlər".

İqtisadçı Rəşad Həsənov isə Oxu.Az-a açıqlamasında bu məsələni, əslində, Azərbaycanda büdcə qanunvericiliyinin və büdcə sisteminin çatışmazlıqlarından biri kimi dəyərləndirdi.

"Çünki inzibatçılıq və eyni zamanda mexanizm çərçivələri tam dəqiqləşdirilməyib və burada boşluqlar var. Bəzi hallarda bu boşluqlardan istifadə imkanı yaranır.

Yəni bir tərəfdən, büdcə planlaması zamanı, əslində, publik hüquqi şəxslər də daxil olmaqla, ümumiyyətlə büdcədən maliyyələşən təşkilatlar, hətta dövlət qurumları belə, növbəti dövrlə bağlı düzgün planlama aparmırlar - düzgün fiskal sənəd, fiskal plan təqdim edə bilmirlər ki, bunun da müxtəlif səbəbləri var.

Əgər səbəblərin bir qismi həmin qurumların fəaliyyətində olan nöqsanlardan və dövlət qurumlarında, eyni zamanda publik hüquqi şəxslərdə uzunmüddətli planlamanın olmamasından qaynaqlanırsa, digər qismi bir çox hallarda razılaşdırma və bürokratik əngəllərdən ortaya çıxır.

Məsələn, publik hüquqi şəxs özünün inkişaf planı çərçivəsində növbəti il üçün hansısa tədbirlərin, layihələrin və ya satınalmaların həyata keçirilməsini nəzərdə tutub, amma sonradan hər hansı bir səbəbdən - ya digər qurumlarla razılaşdırmanın baş tutmaması və yaxud satınalma ilə bağlı prosesdə gecikmələrin olması və ya satınalma sənədinin düzgün olmaması və s. səbəblərdən imtina verilib. Belə hallarda pul büdcədə qalmış olur".

R.Həsənovun sözlərinə görə, qanunvericiliyə əsasən, büdcədə qalan pul ilin sonunda büdcəyə qaytarılmalıdır:

"Bəzən isə biz onu müşahidə edirik ki, müvafiq qurumlar vəsaiti büdcəyə geri qaytarmasınlar deyə müxtəlif yollardan istifadə edirlər. Məsələn, vəsaitin büdcədən istifadəyə yönəldiyini göstərmək üçün bəzi hallarda başa çatmamış, təhvil alınmamış işlər üzrə ödəniş edirlər, bəzi hallarda həmin vəsaitləri dövlət istiqrazlarında yerləşdirirlər. Bu kimi yanaşmalar, təbii ki, doğru deyil.

Ona görə ki, bu, ümumiyyətlə, 2015-ci ildən sonra aktuallaşan fiskal konsolidasiya siyasətinin əsaslarını sarsıdır, ikinci bir tərəfdən, bu vəsaitlərin düzgün idarə edilməsi prosesinin pozulmasına gətirib çıxarır, üçüncü bir səbəb isə bazarda dövlət istiqrazlarından süni tələb formalaşdırır ki, bu da dövlət istiqrazlarına əlçatanlığı bəzi hallarda məhdudlaşdırır.

Məlumdur ki, dövlət istiqrazlarına, əsasən, özəl sektor, xüsusilə də maliyyə, sığorta və bank sektoru daha çox meyillənir.

Dövlət qurumları bu bazara girəndə nə baş verir? Azərbaycanda zəmanətli istiqrazların xüsusilə əhəmiyyətli olduğunu və bank sektorunda da izafi likvidliyin olduğunu nəzərə almış olsaq, bu şərtlər daxilində dövlət institutlarının, publik hüquqi şəxslərin bazara girməsi maliyyə sektorunun öz vəsaitlərini bu alətlərdə, yəni zəmanətli dövlət istiqrazlarında, yerləşdirməsi imkanını məhdudlaşdırır.

Yəni bir tərəfdən, dövlət vəsaiti ilə dövlət istiqrazının alınmasının, əslində, ciddi bir açıqlaması yoxdur və bu, məntiqə ziddir. Çünki dövlət həmin istiqrazları ona görə bazarda yerləşdirir ki, büdcə kəsirini bağlamaq məqsədilə vəsait cəlb etsin.

Digər bir tərəfdən, hansısa publik hüquqi şəxslər və qurumlar dövlətdən səmərəsiz, düzgün olmayan planlama nəticəsində cəlb etdikləri vəsaitləri istifadə etmirlər, o vəsaitlər yığılıb qalır, nəticədə büdcədə kəsir formalaşır və o kəsiri bağlamaq üçün Maliyyə Nazirliyi istiqrazı bazara yerləşdirir. Həmin büdcənin kəsirindən formalaşmış ehtiyatla bu qurum girib bazarda həmin istiqrazı investisiya edir. Bu isə fiskal mexanizmin mahiyyətinə ziddir. Bu baxımdan da düşünürəm ki, mövqe düzgündür və mümkün qədər bu kimi halların qarşısı alınmalıdır".

Hüquqşünas və eyni zamanda bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov isə məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında qeyd edib ki, burada söhbət dövlət şirkətləri, xüsusən də publik hüquqi şəxslərə dövlət büdcəsindən vəsait ayrılmasından gedir, çünki onların özlərinin gəlirləri yoxdur:

"Bilirsiniz ki, bu gün publik hüquqi şəxslərin sayı çoxalıb. Əslində, publik hüquqi şəxslər də elə dövlətin funksiyalarını yerinə yetirirlər, amma dövlət orqanı deyillər. Ayrıca hüquqi şəxsdirlər, müstəqil balansları var, işçiləri dövlət qulluqçusu hesab olunmurlar və s.

Bu məlumatdan belə başa düşülür ki, onlar dövlət büdcəsindən ayrılan və artıq qalan pulu dövlətin qiymətli kağızlarına qoyurlar və faiz alırlar. Dövlət qiymətli kağızları da, əsasən, istiqrazlardır. Dolayısı ilə belə anlaşılır ki, dövlət özü-özünə borc vermiş olur.

Bir az da sadələşdirsək, sanki dövlət həmin bu publik hüquqi şəxslərə pul verir ki, get fəaliyyətinə xərclə. Onlar da bu pulu xərcləmir, sonra onu dövlətə borc kimi verirlər. Dövlətin qiymətli kağızını almaq, elə dövlətə faizlə pul vermək deməkdir. Belə çıxır ki, dövlətin öz pulunu yenidən verirlər dövlətə və oradan qazanc əldə edirlər. Bu da əlbəttə ki, absurd vəziyyətdir.

Əvvəllər belə şey mümkün deyildi, çünki publik hüquqi şəxslər yox idi - dövlət orqanı var idi. Dövlət orqanının da qiymətli kağızları və özünün vəsaiti olmur. Dövlət orqanının publik hüquqi şəxsdən fərqi odur ki, dövlət orqanı elə dövlətdir, ayrıca subyekt deyil. Publik hüquqi şəxs isə subyektdir, ayrıcadır. Əslində, düşünürəm ki, buna əvvəldən yol verməməli idilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda 6 yeni telekommunikasiya operator və provayderi uçota alınıb

İsti havalarda işçilərə hansı güzəştlər edilməlidir? - HÜQUQİ İZAH

ABŞ Çindən 400 milyonluq avtomobil alıb

Nazir yeni rəis təyin etdi

Universitet və ixtisas seçən zaman nələrə diqqət olunmalıdır?

Birbank Biznes-dən Mikro Biznes krediti əldə etmək istəyən fərdi sahibkara özəl kampaniya®

“WhatsApp”a internet olmadan işləyən funksiya əlavə edildi

Aran rayonlarında 39 dərəcə isti olub - FAKTİKİ HAVA

Aran rayonlarında 39 dərəcə isti olub - FAKTİKİ HAVA

Xaricdən dərman alışımız 74 milyon dollardan çox azalıb - Rəqəmlər

Un ucuzlaşıb - Video

Kənd Təsərrüfatı Nazirliyi sahibkarlara müraciət edib

Bitcoin ucuzlaşıb, Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Rusiya XİN İranda “Mir” kartlarının tətbiqinə başlanacağının anonsunu verib

Türk lirəsi və rubl bahalaşdı - Məzənnə

Neftimiz bu gün də ucuzlaşdı

"Taksidən çıxanlar dəvətlidirlər" - Avtobus sürücüsü çatışmazlığı necə həll olunacaq?

“Windows”un qlobal kəsilməsi fırıldaqçıları yeni sxemlər yaratmağa ruhlandırır - ABŞ

“Bloomberg” “Alfa Nero”nun anonim bir alıcıya 40 milyona satıldığını üzə çıxardı

ABŞ-ın büdcə kəsirində rekord artım - İki səbəb

Sabah bu ərazilərdə qaz olmayacaq

Moskva Birjası yuanla hesablaşmalar üçün klirinq bankını dəyişdi

Çinlilər "Apple Vision Pro"dan narazı qalıb

İndoneziya 10 ildən sonra Rusiya nefti almaq istəyir

Avropanın heç kimin bilmədiyi ən yaxşı çimərlikləri

Tramp qalib gəlsə, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edə bilər - İqtisadçı

Deputata məxsus olduğu deyilən şirkət məhkəmə qarşısında

“Bank Intesa” “Antares Vision”un Rusiya ofisinin əməliyyatlarını blokladı

Məşhur şirkət qeyri-adi smartfonlar nümayiş etdirəcək

Keçmiş işçisi AQTA-nı məhkəməyə verdi - İki tələbi var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin