"Qara cümə"də insanları aldadan mağazalar cəzalandırıla bilər
Son illərdə mağazalarda və ya iaşə obyektlərində bayramlarla bağlı endirim kompaniyalarına tez-tez rast gəlmək olur. Xüsusilə bu endirimlər “qara cümə”, “əfsanə cümə” kimi adlanan endirim kampaniyalarında qarşımıza çıxır.
Bu il də müəyyən vətəndaşlar tərəfindən sosial medyada endirim kompaniyalarının saxtalığı barədə paylaşımlar və ya bizə ünvanlanan suallar olub.
Modern.az mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə ilə həmsöhbət olub.
Onun sözlərinə görə, ümumiyyətlə müəssisələrin vətəndaşlara göstərdiyi xidmət və ya satdığı mallar və bunlara dair qanun pozuntuları ilə bağlı müddəalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində öz əksini tapır:
“Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını ehtiva edir.
Müsahibimiz qeyd eidb ki, İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi “istehlakçıların hüquqlarının pozulması” ilə bağlıdır:
“Həmin maddəyə əsasən bu cür hərəkətlər istehlakçıların hüquqlarının az miqdarda (yəni 100 manatadək) pozulmasına səbəb olduqda inzibati məsuliyyət yaranır və bu zaman fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir”.
İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi isə “reklam haqqında qanunvericiliyin pozulması” ilə bağlıdır. Sözügedən maddəyə əsasən əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək cərimə edilir”.
C.Qasımzadə sonda vurğulayıb ki, “Reklam haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir:
“Həmin Qanunun 16-cı maddəsinə əsasən əmtəənin qiymətinin dəyişməsinin reklamında qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti; qiyməti dəyişdirilən əmtəələrin siyahısı; qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti göstərilməli, reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay