İdarəçilərin tez-tez dəyişməsinin şirkətin performansına təsirləri
Bəzi şirkətlərdə rəhbərliyin tez-tez dəyişdiyini görürük. Əslində, müəyyən müddətdən sonra dəyişikliyin olması yaxşıdır. Amma tez-tez rəhbər dəyişikliyi şirkətin performansına da bir sıra mənfi təsirlər yaradır. Ümumiyyətlə, tez-tez idarəçilikdə dəyişiklik edilməsi və uzun müddət idarəçilikdə qalmaq arasında nə kimi fərqlər var?
“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov Valyuta.az-a rəhbərlikdə tez-tez dəyişikliyin olması ilə bağlı danışdı.
Onun sözlərinə görə, şirkətlər çalışmalıdır ki, kadr dəyişiklikləri (həm idarəetmə, həm də digər) çox tez-tez olmasın:
“Çünki kadr dəyişikliyinin, xüsusilə rəhbər dəyişikliyinin mənfi tərəfləri (fəsadları) də var. Yeni rəhbər gələndə şirkətin korporativ mədəniyyətinə təhdidlər ola bilir. Korporativ mədəniyyət təşkilatın strategiyası ilə sıx qarşılıqlı əlaqəyə sahibdir. Bəzən yeni gələn rəhbər şirkəti özünə uyğunlaşdırmağa cəhd edir. Şirkətin ümumi fəaliyyət istiqaməti dəyişə bilir deyə işlərdə ləngimə ola bilir. Bu, təşkilatın inkişafını ləngitməklə yanaşı, onun nüfuzuna da mənfi təsir göstərə bilir. Həmçinin komandada qeyri-müəyyənliklər yarana bilir. İdarəçilərin dəyişməsi, komanda üzvləri arasında əlaqələrin pozulmasına yol açır və işçi heyətinin birliyini zəiflədir”.
A.Bayramov hər zaman uğursuzluq riski olduğunu da qeyd edib: “Nəticədə, nə qədər artımlı və ya radikal olmasından asılı olmayaraq, dəyişiklik təşəbbüsü ilə yeni strategiyanı qəbul etmək adətən çətin və çox vaxt qarışıqdır. Yeni rəhbər işin içinə girənə kimi, steykholderlərlə münasibətləri tənzimləyənə kimi vaxt gedə bilər. Bütün maraqlı tərəflər fərqlidir. Ona görə də onları tanımaq və məqsədlərini başa düşmək effektivlik üçün çox vacibdir”.
Həmtəsisçinin fikrinə görə, uzun müddət idarəçilikdə qalmağın da müsbət və mənfiləri olur: “Əsas mənfi tərəfi odur ki, şirkətdə münasibətlər adiləşə bilir. Bəzən rəhbərlik uzun müddətdə komforta düşür. Yeni sistem və metodları öyrənmək üçün məhdud imkanlar olur. İşçilər öz sahələrində digər şirkətərin istifadə etdiyi ən son texnologiyaları öyrənə bilmirlər. Bu zaman yeni nəfəsə ehtiyac ola bilir. Müsbət tərəfi isə təşkilatın daxili dinamikasını daha stabil saxlayır, bu da iş proseslərinin daha az dəyişməsinə səbəb olur. Həmçinin rəhbərin uzun müddət təşkilatda qalması, işçilər arasında güvən və bağlılıq yaradır”.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay