Xarici kadrların şirkətlərimizdə azalmasının səbəbi
Əvvəllər Azərbaycandakı böyük şirkətlərdə çalışan xarici kadrların sayı daha çox idi. Zamanla bunun azaldığını gördük. Düzdür, yenə də xarici kadrlar olsa da, hazırda həmin şirkətlərdə vətəndaşlarımız üstünlük təşkil edir. Xarici kadrların şirkətlərimizdə azalmasının səbəbi nədir?
HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Valyuta.az-a açıqlamasında bildirdi ki, vətəndaşların ixtisaslaşma səviyyəsi artıb: “Xarici kadrlara müstəqilliyin ilk illəri, 2000-ci illərin əvvəlləri daha çox üstünlük verilirdi. Əsasən top menecerlər xarici ölkələrdən dəvət edilirdi. Hazırda Azərbaycanda çox böyük tədbirlər keçirilir, şirkətlər inkişaf edir. Kadrlarımız da öz üzərində işləyirlər, xaricdə təhsil alıb gələnlər də çoxdur, onların xaricdə təhsillə bilik və bacarığını artırılması da geniş yayılıb. Yəni zamanla yerli yaxşı mütəxəssislərin sayı artır. Lakin hələ də xarici kadrların fəaliyyət göstərdiyi, öz təcrübələrini bölüşdüyü sahələr var”.
İ.Mirzəzadənin sözlərinə görə, xarici kadrların uğurlu olmadığı sahələr də olur: “Məsələn, marketinq sahəsində xarici kadrlar yerli bazarın tələblərini, xüsusiyyətlərini, mentalitetini bilmirlər. Marketinqdə isə, bu, çox önəmlidir. Onların bilməməkləri də tamamilə normaldır. Amma onların xarici bazardakı təcrübələri yerli bazara uyğun gəlməyə bilər”.
İ.Mirzəzadə bildirdi ki, yerli kadrı çatışmayan ölkələr üstünlüyü xarici kadrlara verir: “Xarici kadrların ölkədə çalışmasında da yanaşma iki cürdür. Birincisi odur ki, məsələn, Avropa ölkələrinə kifayət qədər ixtisaslı kadrlar gəlir, onların əlavə kadr gətirmək kimi maraqları yoxdur. Kadrlar özləri o ölkələrdə işləməyə maraqlıdırlar. İkinci versiyada isə ölkələr xaricdən kadr gətirməyə çalışırlar. Xaricdən kadr cəlb etməyə inkişaf etməkdə olan ölkələr üstünlük verirlər. Çünki ölkədə lazım olan qədər kadrı yoxdur. Azərbaycanda hələ də peşəkar mütəxəssislərə ehtiyac var. Top menecment və İT sahəsində xarici kadrlara üstünlük verilməsi halları çoxdur”.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay