
İşçi seçimi zamanı diqqət edilməli əsas nüanslar - Elşən Bədirxanov şərh edir
Şirkətin təməli işçilərlə qurulur. Necə ki, uşaqlar evin güzgüsüdür, eləcə də işçilər şirkətin güzgüsüdür. Buna görə də, şirkətlər işçilər barəsində daha seçici olurlar. Çünki işçilər həm şirkəti yüksəldə, həm də əksinə, geri apara bilər. Bəs şirkətlər işçi seçərkən nələrə diqqət etməlidir?
Seçim meyarları hansılardır?
İdarəetmə üzrə konsultant və təlimçi Elşən Bədirxanov Valyuta.az-a bu barədə danışdı. O, söhbət zamanı seçim meyarlarına toxundu:
“Əsas meyar yəqin ki, şirkətin korporativ mədəniyyəti, real dəyərlərinə uyğunluqdur. Şirkətin korporativ mədəniyyətinə, dəyərlərinə zidd təfəkkürə malik olan namizədlər, işə qəbul edildikdə, saatlı bombaya çevrilə bilərlər. Müəyyən dərəcədə korporativ mədəniyyət işə qəbuldan başlayır”.
Şirkətdə qalmaq, ya 2000 dollar?
Elşən bəy, xarici təcrübədən də söz açdı. O vurğuladı ki, şirkət dəyərlərinə görə münasib namizədi cəlb etmək vacibdir.
“Zappos” şirkətində müsahibə iki mərhələdə keçirilirdi: peşəkar keyfiyyətlər və korporativ mədəniyyət üzrə. İşə qəbul üçün hər iki mərhələ uğurla başa vurulmalı idi. İki həftəlik ödənişli tanışlıq təcrübəsini keçəndən sonra, son sınaq kimi, namizədlərə ya şirkətdə qalmaq, ya da 2000 dollar alaraq ayrılmaq təklif olunurdu. Bu fürsətdən çox az insan istifadə etmişdi. Aydındır ki, dəyərlərə görə münasib namizədi işə cəlb etmək mütərəqqi korporativ mədəniyyətin qurulmasında vacib rol oynayan amillərdən yalnız biridir. Necə ki eyni kərpicdən bina, məbəd və ya həbsxana tikmək mümkündür, eləcə də eyni əməkdaş bir şirkətdə özünün ən yaxşı keyfiyyətlərini göstərə bilər, digərində isə itib-batar”.
Meyillilik, öyrənmə qabiliyyəti, pozitiv düşüncə…
E.Bədirxanov, namizədin peşəkar bilik və bacarıqları ilə yanaşı, şəxsi keyfiyyətlərinin də önəmli olduğunu dedi:
“Peşəkar keyfiyyətləri inkişaf etdirmək mümkün, şəxsi keyfiyyətləri isə çox çətindir. Fikrimcə, bir sıra hallarda bilikdən daha əhəmiyyətli meyar inkişafa meyillilik və öyrənmə qabiliyyətidir. Bunlarla yanaşı, pozitiv düşüncə və komandada işləmək bacarığı da olduqca önəmli keyfiyyətlərdəndir. Komandada işləmək üçün isə emosional intellektin yüksək olması kritik məqamdır. Hesab edirəm ki, geniş mənada pozitiv düşüncə insanın inkişaf etməsi, onun həyatda nailiyyətlər əldə etməsi üçün, bəlkə də, ən vacib keyfiyyətdir”.
“İşə qəbul prosesi şirkətin imicini formalaşdırır”
Həmsöhbətimiz, şirkətlərdə işçi seçimi zamanı bütün nüanslara diqqət edilməli olduğunu bildirdi. Əks təqdirdə, siz şirkətinizin imicinə xələl gətirə bilərsiniz:
“Müsahibə səriştələrinə yalnız İnsan Resurslarının əməkdaşları deyil, işçi seçimində iştirak edən bütün əməkdaşlar malik olmalıdırlar. Eyni zamanda unudulmamalıdır ki, işə qəbul prosesi şirkətin imicini formalarşdıran proseslərdən biridir. 10 nəfərdən yalnız 1 nəfəri işə qəbul ediriksə, qalan 9 nəfər də şirkətdə qarşılaşdıqları barəsində sosial mediada və ya şəxsi tanışlıq vasitəsilə fikirlərini paylaşacaqlar”.
Nuray
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay