
Güclü kadrlarla necə işləməli? - Mütəxəssis şərh edir
Bəzən iş yerinə daha güclü kadr gəldikdə, bu, digər işçilərin motivasiyasını yüksəldir. Bəzən isə əksinə, iş mühitində xaos yarana bilir. Təbii ki bütün kadrlar eyni ola bilməz və hər biri şirkət üçün lazımdır. Bəs necə etmək lazımdır ki, güclü kadrlar gəldikdə, komandaya mənfi təsir etməsin? Ümumiyyətlə, güclü kadrlarla necə işləməli?
Beynəlxalq Əmək Təşkilatının rəsmi təlimçisi, İnsan Resursları mütəxəssisi Saleh Həsənov Valyuta.az-a güclü kadrlarla işləməkdən danışdı. Onun sözlərinə görə, güclü kadr anlayışı hər şirkət üçün, situasiyaya əsasən dəyişə bilər:
“İş yerlərində özündən güclü kadrlar dedikdə buradakı güclü anlayışı fərqlidir. Kimsə nəzəri və praktiki olaraq təcrübəli olduğuna görə güclü kadr adlandırıla bilər. Yaxud emosional tərəfdən güclü birini güclü kadr kimi deyə bilərlər. Aqressiya tərəfdən və ya hansısa imtiyaz tərəfdən güclü ola bilər”.
Saleh bəyin sözlərinə görə, şirkətlər güclü kadrlara xüsusi imtiyazlar verməsə, iş mühitində narazılıq olmaz:
“Bəzi şirkətlərdə güclü kadrlara xüsusi imtiyazlar verirlər. Bu da zəif kadrları qıcıqlandıra, ruhdan sala bilir. Güclü kadrlara imtiyazların verilməsi doğru deyil. Ümumiyyətlə, bu mövzuda şirkətin dəyər anlayışı önəmlidir. Əgər dəyərlər yerindədirsə, burada hansısa imtiyazdan söhbət gedə bilməz. Buna görə də, burada güclü, zəif məsələsi çox da sıxıntılı olmayacaq”.
Mütəxəssis bildirir ki, zəif və güclü kadr deyil, təcrübəli və təcrübəsiz anlayışı aşılanarsa, daha sağlam iş mühiti formalaşa bilər: “Sistem təcrübəli və təcrübəsiz formasında aşılansa, bu, daha çox motivasiyaverici olar. Çünki təcrübəsiz işçilər təcrübəlilərdən öyrənməyə meyillidirlər. Bu, onları ruhdan salmır, əksinə öz üzərlərində işləmək, özlərini təkmilləşdirmək üçün şansdır. Bir işçinin digər işçiyə baxıb motivasiyasının yüksəlməsi, rəqabətli mühitdə inkişaf etməsi daha məqsədə uyğundur”.
Nuray
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay