BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
35262

Uşaq yaşlarından düşünürmüş ki, məktəbi bitirən kimi öz pulunu qazanmağa başlamalı, öz həyatını qurmalıdır. Bəli, universitetin 1-ci kursunda - 17 yaşı tamam olmamış iş həyatına başlayır. Hazırda 29 yaşı var. Bu müddətdə dəfələrlə biznes qurub, alınmayıb, ancaq alınanları da var ki, hazırda davam edir.

Valyuta.az-ın müsahibi “Cafe Botanist”in həmtəsisçisi, “Garden Shop” bitki servisi şirkətinin təsisçisi, Aztv-də “Gül kimi” verilişinin aparıcısı İlkin Qəhrəmanlıdır.

- İlkin bəy, müsahibəni səhər saat 9-a təyin edən biznes adamına az rast gəlmişəm. Yuxudan erkən oyanırsınız?
- Erkən oyanıram. 7-də idman zalında oluram, 9-un yarısı işdəyəm. Düşünürəm ki, günün birinci yarısında görülən işlər daha effektiv olur. Adətən, günün ikinci yarısına görüşləri təyin edirəm, birinci yarısında isə qərar veriləsi işlərlə məşğul oluram.

- Bu disiplin uşaqlıqdan var, yoxsa sonradan formalaşdırmısınız?
- Əvvəllər yuxudan gec oyanan biri idim. Son 4-5 ildə hiss etdim ki, səhər erkən oyanmaq işin yarısını görmək qədər vacibdir. Ona görə özümdə belə disiplin formalaşdırdım. İşə, görüşə gecikənləri başa düşmürəm. Sən illərdir bu şəhərdə yaşayırsan və yenə də 20-25 dəqiqə harasa gecikirsənsə, deməli, disiplin problemin var. Disiplin sahibkarlıqda çox önəmlidir. Özünü disiplində saxlamalısan ki, ətrafın da disiplinli olsun.

- İlkin bəy, bir müsahibənizdə demisiniz ki, uşaq yaşlarımdan istəyirdim ki, öz pulumu özüm qazanım. Ailədə maddi sıxıntı var idi?
- Ailədə ara-sıra maddi sıxıntılar olub, sonra düzəlib. Əslində, pul qazanmağı maddi sıxıntı yox, rahatlığa görə istəyirdim. Uşaq vaxtı valideynlərimin mənimlə bağlı ciddi rejimi var idi. Bu, həmişə məni sıxıb. Düşünürdüm ki, məktəbi bitirən kimi öz pulumu qazanmalı, öz həyatımı qurmalıyam. Çünki daxili işlərimə kimsə qarışanda, narahat oluram. Həm də pul qazananda sənin ailəndə, çevrəndə bir statusun yaranır. Məqsədim işimdən ləzzət alaraq pul qazanmaq, iş adamı olmaq olub.

“17 yaşımdan döyülə-döyülə gəlirəm”

- Məktəbdə necə oxuyurdunuz?
- Yaxşı oxumamışam. Azərbaycanda belə bir yanaşma var idi ki, dövlət işində çalışırsansa, deməli, uğurlusan. Müəllimlərim deyirdilər ki, sən heç bazarda işləyə bilməyəcəksən, qaldı ki hardasa dövlət işində. Dəcəl şagird olsam da, tərbiyəsiz olmamışam. Sadəcə oxumağa heç vaxt meylim olmayıb. İndi də oxumağa meylim yoxdur. Hansısa məqamda nəyəsə savadım çatmadığını görürəmsə, sırf o istiqamətdə oxuyuram. Özümə sübut etmişəm ki, mənim üçün ən vacibi təcrübədir. İşləyərək döyülmək daha yaxşıdır. Biri var nəzəriyyədə sənə deyilir ki, yumruq dəyəndə bu qədər ağrı hiss edəcəksən, bir də var zərbə dəyir və sən dəqiq bilirsən ki, yumruğun ağrısı necə olur? 17 yaşımdan döyülə-döyülə gəlirəm (Gülür).

- İş həyatına 17 yaşınızdan başlamısınız. Bəs ali təhsil aldınız?
- İqtisad Universitetində maliyyə üzrə oxumuşam. Təhsilim qiyabi idi. Nə öyrənmişəmsə, işləyərək öyrənmişəm.

- İlk işiniz hansı oldu?
- 1-cu kursda idim, 17 yaşımın tamam olmasına 2 ay qalmışdı. Ölkəmizdə “Eurovision” keçirilən vaxtı idi. Heç yerdə POS terminal yox idi. Vergilər Departamenti POS terminal və kassaların quraşdırılması üçün işçilər qəbul edirdi. Mən də müraciət etdim. 800 nəfər işə götürdülər, biri də mən oldum. Ən balacası mən idim. 6 aydan sonra 70 nəfərin müqaviləsini uzatmaq istədilər həmin siyahıda mən də var idim. Razılaşmadım.

- Niyə ayrıldınız?
- O vaxt bir qisim insan vergi işçilərinə nifrət edirdi, bəziləri isə qorxduqları üçün hörmət edirlər. İki hal da mənə xoş deyildi. Çox ürəyiyumşaqlıq edirdim, ona görə danlanırdım (gülür). Gördüm ki, kabinet işi, qalstuk taxmaq, rəis işdən çıxandan sonra işdən çıxmaq və s. mənlik deyil. Ordan ayrılmaq qərarı verəndə, artıq nə etmək istədiyimi bilirdim. Ölkədə hər il sonu universiteti ortalama 50 min insan bitirir. Düşündüm ki, məzun olanda, o 50 min insandan seçilməyəcəm. Ona görə nəsə etməli idim.

- 17 yaşda artıq bunu müəyyənləşdirə bilmişdiniz?
- Ortalama dərk edirdim. İş qurmaq, pul qazanmaq, idarə edən olmaq istəyirdim. Universitetdə oxumağa fokuslansaydım, ən azı 5 il bunu edə bilməyəcəkdim. Bilirdim ki, universitetdə uğurlu olmayacam. Çünki adi məktəbdə uğurlu olmayan birinin universitetdə uğurlu olması böyük sual altındadır. Ticarətə marağım var idi, ona görə o tərəfdə davam etdim.

“Ayda 5-7 min manat qazanırdım”

- Bir iş adamı sizi gül ticarətinə dəvət edib və elə başlamısınız. O iş adamını hardan tanıyırdınız?
- Təsadüfən tanış olmuşdum. İndi də o qədər insanla təsadüfən hardasa qarşılaşırıq ki. Əsas odur ki, o tanışlıqdan fayda götürə biləsən. Həmin şəxsin şirkəti pomidor, xiyar istehsal edib Rusiya bazarına ixrac edirdi. Onun aqronomu nümunə üçün 5000 mövsümi gül yetişdirmişdi. Hansı ki parklarda əkilir. Təsadüfən onunla tanış olduqda hazırda olduğu kimi çox danışmağa başladım. Bildirdi ki, çox danışırsan, biz gül yetişdirmişik, satanımız yoxdur, istəsən, gəl, özünü yoxla. Getdim başladım. 5000 ədəd gülü 2 ildən sonra 2 milyona qaldırdıq.

- Güllərlə bağlı məlumatınız var idi?
- Heç bir anlayışım yox idi.

- Nə əcəb “yox” demədiniz?
- Heç vaxt “yox” demirəm, yaxşı təklifləri dəyərləndirməyi sevirəm. AZTV-də veriliş aparmaq təklifi gələndə “mən hara, veriliş hara” demədim. Özümü sınamaq istəyirəm ki, həmin mövqedə necəyəm? Dərk edirəm ki, ömrümüz o qədər də uzun deyil. İşləməkdən ləzzət alıramsa, fərqli təcrübələri yoxlayım. Üstəlik ətrafımı genişləndirirəm.

Gül işinə də “yox” demədim, işi öyrəndim. Ordan ayrılanda satış və təchizat üzrə rəhbər idim. Həmin şirkətdə 8 il işlədim. Sonra artıq şirkət “aşağı” doğru getdi. Bizim əsas alıcılarımız icra hakimiyyətləri, dövlət qurumları idi. Onlar son vaxtlar bitkiləri xaricdən almağa başladılar. Yerli istehsaldan alanda qiymət bütün bazara bəlli idi, xaricdən məhsul alanda qiyməti gizlədə, dəyişə bilirsən. Artıq işin sonu olduğunu görürdüm. Ciddi məbləğ yatırılırdı, qazanc isə 10 faiz olurdu. Sonra mən uzaqlaşdım, 6 ay sonra şirkət bağlandı. Həmin şirkətdə çalışdığım müddətdə paraleldə çox şirkət qurdum, amma alınmadı.

- Paraleldə hansı biznes cəhdləriniz oldu?
- İlk biznes cəhdim 19 yaşımda oldu. İndi “İnstagram” səhifəsində yazılır, amma o vaxt kimsə hansısa restorana getmək istəyəndə, menyunu, qiymətlərini bilmirdi. Veb sayt qurduq, Bakı şəhərində olan otellərin, restoranların ünvanları, qiymətləri, şəkilləri və s. ilə orada tanış ola bilərdiniz. Bir ofis götürdüm, 10-a yaxın əməkdaş var idi.

- Siz aylıq nə qədər qazanırdınız ki, paraleldə işçi götürə, ofis qura bilmişdiniz?
- 2014-cü ildən danışıram, ayda 5-7 min manat qazanırdım. Səhər 8-də işdə olurdum, axşam çıxırdım. Yorğun olurdum deyə, işdən sonra harasa gedə bilmirdim ki, pul xərcləyim. Pulu işə yatırırdım.

- Tələbə üçün qazancınız yaxşı olub.
- Mən işə heç vaxt satıcı kimi baxmamışam, rəhbər kimi yanaşırdım. Ona görə bir müddət sonra orda satış rəhbəri oldum. Sonra istehsalat, təchizat da mənə həvalə edildi. Sərf etdiyim enerji qədər pul qazanırdım.

“Gördüm ki bu işə girməklə səhv etmişəm”

- Paralel qurduğunuz iş niyə alınmadı?
- Çox sahibkar mənə dedi ki, saytınızın statistikası filan yerə çatanda, bizim mağazanı reklam edərsiniz və s. Mən də onlara inanıb yola çıxdım, həmin statistikaya gəlib çatdıqda həmin insanlar tapılmadı (Gülür). Bu sahədə mini monopoliya var idi. Gördüm ki bu işə girməklə səhv etmişəm. Ən böyük səhvlərimdən biri o idi ki, səhv etdiyimi anladığımdan 2 il sonra da o şirkəti saxladım.

- Başqa hansı biznes cəhdiniz oldu?
- Hava limanına gedən yolda bir neçə bitki mağazası açdım, alınmadı. Hər zaman analiz edirəm və günahı özümdə tapıram. Planlamadan, özüm özümə səmimi olmadan iş qururdum. Rəqəmlər yazırdım, amma sonra deyirdim ki, əşi yaxşı olar, amma nəticə olaraq gəlib həmin rəqəmlərə çıxırdı. Sonra deyirdim özümə ki, bilirdinsə, niyə başlayırdın? Hamısının cavabı da təcrübəsizliyə bağlı idi.

- “Garden Shop”u necə qurdunuz?
- Mən işlədiyim bitki şirkətinin hər il Bakı Ekspo Mərkəzində sərgisini təşkil edirdik. Orda məşhur fotoqraf Orxan Aslanovla tanış oldum. Orxan dedi ki, bu istixanalardan çıx, gəl, şəhərdə bitki mağazası açaq. Çünki şəhərin mərkəzində bitkiçilik geridə qalırdı. Orxan dedi ki, sən bu işi bilirsən, mən də tanınmış insanam, tez məşhurlaşdırarıq. Beləcə, “Garden Shop” mağazasını açdıq.

- Nə qədər maliyyə ilə açdınız?
- İlkin yatırım 90-100 min manat idi. Xərci Orxanla 50-50-yə qarşıladıq. Sonra filialını açdıq, 70 min manat da ona getdi. Ümumlilikdə 300 min manat yatırmışdıq.

- O biznesiniz uğur qazandı...
- 2017-ci ildə başladıq, əvvəllər yaxşı oldu. Pandemiya dövründə qazanan şirkət mənfi 300 minə düşdü. Borclar yığıldı. Şirkəti açanda istixanada işləyirdim, amma sonra ordan da ayrılmışdım. Mən özüm tam müflis oldum. Digər mağazalarımı da itirdim. Həmin vaxtlarda Orxanla yollarımızı ayırdıq. Çox zəhmət qoymuşduq deyə, Orxana dedim ki, istəsən, brendi saxlayım, pandemiyadan sonra işlər düzəlsə, işi qaldıraram. Həmin şirkətimizin işi bitki satışı idi, pandemiyadan sonra bitki servisi işinə çevirdim. Gül satışı öz yerində, amma daha çox bitki servisi tərəfini böyütdüm. Hazırda Azərbaycanda ən böyük bitki servislərindən biri həmin şirkətdir.

- Pandemiya dövrü yeni başlayan bizneslər üçün zərbə oldu...
- Bir turizm şirkətim də var idi, açdıq, yaxşı işlədi, pandemiya düşdü, işlər dayandı. Orda da 40 min AZN batdı, bir az da borc yarandı. Bütün səhvlər onda idi ki, şirkətin artıq gələcəyi yoxdur, amma siz şirkəti buraxa bilmirsiniz və borclar yığılır. Deməli, ya təcrübəsizsən, ya da bu özünə qarşı səmimiyyətsizlikdir. İki il pandemiya olacaq, amma sən deyirsən ki, yaxşı olacaq.

- Pandemiya dövründəki o müflisləşmə sizi həvəsdən salmadı?
- Heç zaman həvəsdən düşmədim. Pandemiyada da durmadan çalışdım. Təbii ot örtüyü - qazon istehsalına başladım. İşlər yaxşı gedirdi, amma bu işdə olan insanlarla yola getməyim çətin idi. Yenə dövlət sektorundan alış olmalı idi. O məhsulun alıcıları isə qəliz insanlardır. Onlarla anlaşmaq çətin idi və mən özümü rahat hiss etmədim. Ona görə pandemiya bitənə yaxın o işi təhvil verdim və yenə “Garden Shop” şirkətimə kökləndim.

“Dedim ki, 4 ildir o ideya ilə gəzirəm”

- “Cafe Botanist” necə yarandı?
- Bir kofeşopda - “Fuzzy”də oturmuşdum. Gördüm ki, kassada adam çoxdur. Yaxınlaşıb dedim ki, bitki servisi şirkətimiz var, olarmı, bizim şirkətin bukletini sizin kassanın yanında yerləşdirək, qarşılığında da sizin məkanın bitkilərini servis edək? Bildirdilər ki, məkanın sahibi qərar verə bilər. Çünki digər bukletlər sahibin digər şirkətləridir. Nömrəmi götürüb əlaqə saxlayacaqlarını dedilər. Bir gün yenə “Fuzzy”də oturmuşdum, zəng gəldi, dedilər ki, bəs gələ bilərsiniz? Dedim ki, mən elə burdayam. Məkanın sahibi arxadakı masada oturmuşdu. Həmin vaxt Qafar Dəmirçini tanımırdım. Dedi ki, mən sizi tanıyıram, “İnstagram”da izləyirəm. Dedi ki, mən sizin şirkətinizin müştərisiyəm, gördüyünüz işi, səmimiyyətinizi bəyənirəm. Sizə 3 biznes mərkəzinin bütün monitorlarını verə bilərəm, amma qarşılığında sizdən heç nə istəmirəm. 10 dəqiqəlik görüş 1 saat çəkdi. Sonda vizitkartını verdi, dedi ki nə vaxtsa ideyanız olsa, sizin partnyorunuz olmaq istəyərəm. Dedim ki, ideyam var, 4 ildir o ideya ilə gəzirəm (Gülür).

- “Cafe Botanist”in ideyası necə yaranmışdı?
- Hər zaman ofisim olub, amma son 5 ildə ancaq kofeşoplarda oturub işləyirdim. Çünki səs-küylü yerləri sevirəm. Ofisdə oturanda, düşünürəm ki, çöldə nəsə bir axın var və mən ondan geridə qalıram. 5 ildə kofeşoplarda gördüyüm mənfi rəyləri qeyd edirdim. 4 ilə yaxın idi ki, bu layihə beynimdə var idi. Sonra bunu kağıza yazdım. Ortalama rəqəmlər yazırdım, nələrlə seçiləcəyimi qeyd edirdim.

- Məqamı gəldi və təklif etdiniz...
- O ideyanı əvvəllər çox az insana təklif etmişdim. Bir çoxları ideyama gülmüşdü. Siz bu işi bilmirsiniz, bitki hara kofe hara və s. demişdilər. Düşünürdüm ki, sən bu işdə uğurlu olmusansa, mən də ola bilərəm. Biz eyni mühitdə, eyni ölkədə böyümüşüksə, aramızda çox böyük fərq ola bilməz. Qafar bəy bitki sevən insandır, bu haqda məlumatlı idi. Danışdıq, 2 həftə sonraya yenidən görüş təyin etdik. Gəldiyimdə gördüm ki, bu məkandan icarəçilər çıxarılıb, memarlar, dizaynerlər gəlib.

- 4 ildir ideya ağlınızda idisə, niyə özünüz başlamırdınız? Maliyyəniz yetərli qədər deyildi?
- İndiyə qədər qazandığım təcrübə onu deyirdi ki, əgər bütün işi sən görəcəksənsə, bütün maliyyəni özün yatırma. İkincisi, o qədər maliyyəm yox idi. Ciddi məbləğlər lazım idi. Üstəlik, işin ilk ayda alınacağı ilə bağlı təsəvvür belə yox idi. Plan üzrə 3-cü aydan mənfəətə çıxmalı idik.

- Kofeşop sahəsində Azərbaycanda öndə olanlar daha çox qlobal brendlərdir. Bu sizi tərəddüdə salmadı?
- Məkanı təmir etdiyimiz zaman bir çox adam məsləhət gördü ki, bu yerdən başlamayın. Çünki bu küçədə bütün dünya kofe brendləri var. Bu qədər işlərdən sonra özümü yaxşı tanıdığım üçün şübhə etmirdim ki, alınmaz (Gülür). Öz brendimə çox güvənirdim. Bilirdim ki, kofeşopda əsas məsələ əhval-ruhiyyədir. Sənin personalların yaxşı əhval-ruhiyyəli xidmət versələr, müştəri sənə gələcək.

- İşçi seçiminə o zaman həssas yanaşmısınız...
- Bu illərdə öyrəndiyim ən önəmli işlərdən biri insanları tanımaq idi. İşin uğurlu olması üçün doğru kadrları cəlb etmək çox önəmlidir. “Cafe Botanist”i açmamışdan 9 ay öncə hansı kofeşopda kimləri bəyənirdimsə, hamısına iş təklif etdim, 90 faizini razı saldım. 18 nəfərlə başlamışdıq, indi 44 əməkdaşımız var. İşə qəbul edib peşman olduğumuz olmayıb.

“İlk gündən tam dolu oluruq”

- “Cafe Botanist”dəki güllərin hamısı satışdadır. Gül satışı necə gedir?
- İndiyə qədər alınmayan işlərimin çoxunun səbəbi o idi ki, bir neçə yerə fokuslanırdım, istəyirdim hamısı keyfiyyətli olsun, amma bu tam da real olmur. Bu dəfə o səhvi etmədim (Gülür). Ona görə qərar verdim ki, “Garden Shop” sırf servis şirkəti olsun, “Cafe Botanist” isə kofe və bitki satışıdır. “Garden Shop”un bitki satışı hissəsini “Cafe Botanist”ə keçirdim. Digər mağazalarda olan müştərilərimin hamısı bura gəlir.

- Müştəri axınından razısınız?
- İlk gündən tam dolu oluruq. Gündüz də, axşam da. Ən önəmlisi isə odur ki, burdan çıxan insanlar razı gedir.

- “Konsept maraqlıdır, sonra maraq, müştəri azalacaq” kimi fikirlər də olur.
- Bu, bütün bizneslərə aiddir. Bilirdim ki, konseptə görə bura müştəri gələcək. Siz bura ilk dəfə gəldiniz, konseptə “vauu” etdiniz, 5-ci dəfə gələndə konsept sizin üçün adi olacaq. Bilirəm ki, bir şansım var, siz qidamda, içkimdə, personalımda da “vauu” etməlisiniz. 5-ci dəfə gələndə dizayn sizi “vauu” etdirməsə də, personalım bunu etdirə bilər. Adınızı deyəcək, hər zaman oturduğunuz masa yadında olacaq, “Hərzamankı içki?” deyəcək. Hətta 2 il sonra gəlsəniz, deyəcək ki, keçən il bu köynəyi geyinmişdiniz, çox yaraşmışdı, indi də yaxşı qalır və s. İnsan “vauu” edəcək ki, bu insanın necə yadında qalmışam? Bu bir nüansdır, misal olaraq dedim. Müştərilərlə iş, məhsullarımızın üstündə ciddi işləyirik. Birinci dəfə dizayna, ikinci dəfə dada və servisə görə gəlir.

- Yəni konseptə görə gələn müştərini saxlamaq yolları var.
- Biz masaya servis göstəririk. Adamı adı ilə çağırmırıq ki, gəl götür və s. Servis haqqı almırıq. Məhsullarımız keyfiyyətlidir. Mətbəximizdən çıxan yeməklərin məhsullarının 80 faizi Avropadan gəlir. Kruasanlarımız Fransadan gəlir. Özünüzü təbiətdə hiss edirsiniz. Niyə “Cafe Botanist”ə gəlməlisiniz? - sualına bir çox cavabım var.

- Filial açmağı düşünürsünüz?
- Bu ilin sonunadək yeni məkanın təmirinə başlamağı planlayırıq.

- Biznes sizə nə öyrətdi?
- Disiplinli olmasan, heç bir işdə uğurlu ola bilməzsən. Əgər uğurlusansa, o, qısamüddətli uğurdur. Hər bir addımda özünə qarşı səmimi olmalısan. Ən vacib məsələlərdən biri də səbirdir. İnsanlara, özünə vaxt verməlisən. Ani qərarlar vermək qətiyyən olmaz. Əsəbisənsə, həmin gün işə getmək olmaz. Əsəbi insan səhv qərar verir, insanları incidir. Mən əsəbləşən insan deyiləm. Gülməyi sevirəm. İşdə böyük problem olsun, əsəbləşmirəm. Çünki iş varsa, problem olacaq.

Bir də öyrətdi ki, insan hardadırsa, ona layiqdir. Təsadüfən siz orda ola bilməzsiniz. Siz bu gün az maaş alırsınızsa və ondan narazısınızsa, bunun əsas səbəbkarı sizsiniz. Əgər rəhbərlərimə dözmüşəmsə və səbir etmişəmsə, onlardan nə isə öyrənmişəmsə, bunu çox adam edə bilər. İnsan var ki, heç nəyə dözmək istəmir. Adi söz deyirsən, inciyib gedir. Başa düşmür ki, getdiyi yerdə də eyni şey olacaq. Səhv səndə idi. Biz heç zaman əməkdaşlarla yüksək tonla danışmırıq, nə səhv edir-etsin təhqir etmirik, maksimum işdən azad edə bilərik.

- Rəhbərlərinizə hansı mənada dözmüsünüz? Səsini sizə qaldıran olub?
- Hər zaman onu qorumuşam ki, mənə heç kim səs tonunu qaldırmasın. Amma səhv edəndə, səs tonunu qaldırıblar. Sakit durmuşam, çünki düz deyiblər. Ümumilikdə isə, rəhbərlərimlə çox yaxşı dostluğum olub.

“Düşünürəm ki, 29 yaş üçün yaxşıdır”

- İşə erkən gəlirsiniz, bəs işdən çıxmaq saatınız necədir?
- Gün ərzində səhər 9-dan axşam 7-yə qədər işləyirəm. Ailəli olmasam, işdən evə getmərəm. Ailəli olduğum üçün gərək balansı saxlayım, amma evdə deyirlər ki, balansı yaxşı saxlamıram (Gülür). İki hobbim var: işləmək və dağa qalxmaq. Bu ikisi də məni xoşbəxt edir.

- Bu gün məktəb vaxtı təsəvvür etdiyiniz qədər qazanıb sərbəst ola bilmisiniz?
- Düşünürəm ki, 29 yaş üçün yaxşıdır. Əsas o da deyil, xoşbəxtlikdir. Bugünkü rəqəm 10 dəfə çox olsa, həyatımda nə dəyişəcək ki?

- Lüks həyata meyilli deyilsiniz?
- Gəlirim artdıqca səyahətlərimi çoxalda bilərəm, amma qolumdakı saatın qiyməti 200-300 manatdırsa, 50 min dollara alacam? Maşınımı 300 min dollarlıq maşına dəyişəcəm? Hazırkı fikrim “yox”dur. Ömrümün axırına qədər bu düşüncədə qalacağımı desəm, qeyri-səmimi olar. İnsan hər gün dəyişir.

- Hazırda nə etmək kimi planınız var?
- Podcast açmaq istəyirəm. Özümə bəzi suallarım var, onlara cavab tapandan sonra başlamaq istəyirəm. Dayanmaq istəmirəm.

Aygün Asimqızı // VALYUTA.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Ölkədə taksi sayının tənzimlənməsi real görünmür” – Ekspert

Ölkədə fərdi sahibkarlar əsasən hansı sahələrdə fəaliyyət göstərir?

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI

Orta aylıq əməkhaqqı ilə bahalı restoranları necə ziyarət edə bilərik?

Ayda neçə dəfə işdən icazə almaq olar?

Məşhur iş adamlarından qızıl kimi 5 tövsiyə

Bitcoin və Etherium yenidən ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 7,3 milyard manatdan çox olub

ADY-nin qatarları ilə səfər edənlərin sayı 22 %-ə yaxın artıb

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

Yaxın aylarda Şuşa "DOST" mərkəzi istifadəyə veriləcək

Neft Fondu bu investisiyalardan 5 milyard dollar qazanıb (SİYAHI)

Məşhur yerli kosmetika şirkəti kapitalını azaldır

Zaqataladakı dönərxananın sahibi danışdı, problemin səbəbini açıqladı (VİDEO)

Türkiyənin ən böyük ailə şirkətinin qurucusunun uğur hekayəsi

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Bağlanan şərab zavodu açılır?

Həcc ziyarərinə gedən bu şəxslər cərimələnəcək

Azərbaycanda lombarda 1 milyon manat investisiya qoyulub

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb

Türk lirəsi bahalaşdı - Məzənnə

Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan nefti ucuzlaşdı

Dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

Avtomobil ehtiyat hissələrinin bahalaşması fonunda usta qiymətləri ucuzlaşıb - Araşdırma - Video

Maradonanın “Qızıl top”u hərraca çıxarılıb

Dünyanın ən varlı insanları hansı şəhərlərdə yaşayırlar? - Siyahı

Bu gün bu ərazilərdə qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin