“BTB Bank” rəhbərliyin pulunu kəsib
“Bank BTB” ötən il rəhbərliyinə ödənişləri azaldıb.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, 2023-cü ildə bankın rəhbərliyinə ümumilikdə 562 min manat ödəniş edilib. Bu isə 2022-ci ilə nisbətən 16% və ya 90 min manat azdır. 2022-ci ildə bank rəhbərliyinin gəliri 652 min manat təşkil edib.
Bu məbləğlərə bankın İdarə Heyəti və Müşahidə Şurasının üzvlərinə nağd pul ödənişləri daxildir.
Başqa sözlə, 562 min manat 6 nəfər - Müşahidə Şurasının sədri Rza Sadiq, MŞ-nin üzvləri İkram Hümbətov və Rövşən Fərhadzadə, İdarə Heyəti sədri vəzifəsini icra edən Eldəniz Hüseynov, İH-nin sədr müavini Rauf Qurbanov və İH-nin üzvü Zaur Yusifov arasında bölünüb. Bankın rəhbərliyində təmsil olunan hər bir şəxs orta hesabla ötən il 93,6 min manat gəlir əldə edib. 2022-ci ildə isə bu rəqəm 108,6 min manat təşkil edib.
Qeyd edək ki, ilin əvvəlində Bankın İdarə Heyətinin sədr müavini Rauf Qurbanov, aprel ayında isə Müşahidə Şurasının üzvü İkram Hümbətov bankdan ayrılıb. Mediada yayılan məlumatlara görə, paralel olaraq bir neçə departament rəhbəri və işçilər də bankdan ayrılıb. Bank yüksək əməkhaqqı verməmək üçün artıq bir ildir ki, bankın İdarə Heyətinə sədr təyin edilmir. İH sədrinin birinci müavini Eldəniz Hüseynov həm də sədr vəzifəsini icra edir. Başqa sözlə, bankın rəhbərliyində təmsil olunan şəxslər gəlirlərinin azalması fonunda işdən ayrılıb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay