100 manata satılan 5, 10, 20, 50 qəpiklər - Onlar limitli saydadır?
Son vaxtlar sosial şəbəkələrdə üzərində Dövlət Gerbi olan qəpiklərin baha satılması halları müşahidə olunur. Üzərində Dövlət Gerbi olan 50 qəpiklik pul vahidinin 50-100 manata, 5 qəpikliyi 100 manata, 10 qəpikliyi 40 manata, 20 qəpikliyliyi 55 manata və s. satılması kimi elanlar paylaşılır. Bəzi şəxslər bunların limitli sayda buraxıldığını əsas göstərərək baha satmağa çalışırlar. Bəs bu qəpiklərin baha satılması üçün səbəb varmı? Bu qəpiklər limitli sayda tədavülə buraxılıb?
Bu barədə Valyuta.az-ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib ki, 2021-2023-cü illər ərzində Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan və hazırda tədavüldə olan 5, 10, 20 və 50 qəpiklik metal pul nişanları yenilənərək onların dizaynına Dövlət Gerbi və istehsal ili əlavə edilib:
“Tədavüldə olan qəpiklər Mərkəzi Bank tərəfindən dövriyyəyə hər hansı limit və ya məhdudiyyət tətbiq edilmədən buraxılır. Məhdud sayda yalnız yubiley və xatirə pul nişanları tədavülə buraxılır ki, onlar da adətən qızıl, gümüş, platin və s. qiymətli metallardan hazırlanır.
Məlumat üçün diqqətinizə çatdırılır ki, Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılmış pul nişanları, onların dizaynı, istehsal limitləri və digər parametrləri ilə bağlı ətraflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsinin “Milli pul nişanları” bölməsində öz əksini tapıb və bu məlumatlar hər bir vətəndaş üçün əl çatandır”.
AMB-dan bildirilib ki, yenilənmiş (üzərində Dövlət Gerbi və istehsal ili əks olunan) metal pul nişanları ötən dövrdə tədavülə buraxılan və üzərində Dövlət Gerbi və istehsal ili əks olunmayan metal pul nişanları ilə paralel olaraq dövriyyədədir və ödəniş vasitəsi kimi, heç bir fərq qoyulmadan nominal dəyərilə bütün ödənişlərdə qəbul edilir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay