"Moody’s" iki Azərbaycan bankının reytinqini təsdiq edib
Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Azərbaycanın iki bankının reytinqini təsdiqləyib
Valyuta.az bu barədə reytinq agentliyinə istinadən xəbər verir. “Moody’s” “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində təsdiqləyib və reytinq proqnozunu “Stabil”dən “Pozitiv”ə dəyişib. Eyni zamanda, agentlik ABB-nin Kredit ödəmə və tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqlərini b1 səviyyəsində təsdiqləyib.
Qeyd edilib ki, ABB-nin kredit ödəmə reytinqlərinin b1 səviyyəsində təyin edilməsi Bankın aktivlərinin artan keyfiyyəti, mənfəətliliyi, güclü kapital adekvatlığı, həmçinin aktivlərinin yüksək likvidliyi və məhdud risklərə malik olması ilə əsaslandırılır.
"Moody’s”in proqnozlarına görə, ABB-nin kredit profili, aktivlərinin likvidliyi, keyfiyyəti və gəlirliliyi önümüzdəki 12-18 ayda daha da yaxşılaşmaqda davam edəcək. Bankın reytinq proqnozunun “Stabil”dən “Pozitiv”ə dəyişdirilməsi bununla bağlıdır.
Agentlik həmçinin, “Xalq” Bankının 2023-cü ilin ilk 9 ayı üzrə fəaliyyətinin nəticələrini təhlil edib, Bankın reytinqlər üzrə proqnozunu yüksəldərək “Pozitiv” olaraq qiymətləndirib. Agentlik Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B1 səviyyəsində təsdiqləyib.
Reytinq agentliyi Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B2 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CR Assessments) Ba3/NP səviyyəsində təsdiqləyib.
Moody’s ekspertləri Xalq Bankın reytinq üzrə proqnozunun “Pozitiv” olaraq qiymətləndirilməsini maliyyə qurumunun aktivlərinin yüksək keyfiyyəti və gəlirliliyin artması, kredit konsentrasiyasının azalması və sağlam kapital adekvatlığı ilə əlaqələndirir.
Bankın uzunmüddətli depozit reytinqləri üzrə «müsbət» proqnoz müstəqil kredit portfelinin və xüsusilə də aktivlərin keyfiyyət və gəlirliliyinin növbəti 12-18 ay ərzində daha da yaxşılaşacağı gözləntilərini əks etdirir.
Agentlik bildirir ki, son illər ərzində Xalq Bank problemli kreditlərin payını əhəmiyyətli dərəcədə azaldıb və Bankın kredit portfelinin keyfiyyəti yüksəlib.
“Moody's” bildirir ki, Bankın xalis gəlir marjası (NIM) 2021-ci ildəki 3,3%-dən 2022-ci ildə 4,0%-ə yüksəlib. Agentliyin ekspertləri kredit portfelinin həcminin çoxalması fonunda bu göstəricinin yenə artaraq Bankın onsuz da güclü maliyyə nəticələrini daha da dəstəkləyəcəyini proqnoz edir. Həmçinin, Moody's növbəti 12-18 ay ərzində Bankın maddi aktivlər üzrə gəlirliliyinin (ROA) 1,5-1,7%-ə qədər güclənəcəyini gözləyir.
“Moody's” əlavə edib ki, Azərbaycan hökumətinin banklara dəstəyini davam etdirmək ehtimalı az olarsa, ABB və “Xalq Bank”ın depozit reytinqləri aşağı salına bilər, lakin bu, hazırda gözlənilmir.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay