ABB-də 107 milyonluq artım, "Kapital Bank"da 21 milyonluq azalma
2023-cü ilin III rübü üzrə Azərbaycanda fəaliyyət göstərən 17 bankın əməliyyat mənfəəti artıb, 6 bankın əməliyyat mənfəəti azalıb, hazırda ləğv prosesində olan “Muğan Bank” isə əməliyyatını zərərlə bitirib.
Valyuta.az-ın araşdırmasına görə, 2022-cü ilin eyni dövrü ilə müqayisədə bu ilin III rübündə xalis əməliyyat mənfəəti ən çox artıran bank ABB olub.
Bankın xalis əməliyyat mənfəəti 107,1 milyon manat artaraq 388,8 milyon manata çatıb. “PAŞA Bank”ın xalis əməliyyat mənfəəti 66,6 milyon manat artaraq 216,5 milyon manata, “Unibank”da isə bu rəqəm 38,2 milyon manat artaraq 53,9 milyon manata yüksəlib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin III rübündə ən çox azalma “Kapital Bank”da müşahidə edilib. Bankın xalis əməliyyat mənfəəti son bir ildə 20,9 milyon manat azalaraq 318,6 milyon manata enib.
Ləğv prosesindən olan “Muğanbank” ötən ilin III rübündə 3,5 milyon manat əməliyyat mənfəəti əldə etdiyi halda, son hesabata görə bank əməliyyatını 0,3 milyon manat zərərlə bitirib.
“AFB Bank”ın əməliyyat mənfəəti 3,2 milyon manat azalaraq 4,3 milyon manata, “Bank of Baku”nun əməliyyat mənfəəti 2,2 milyon manat azalaraq 24,2 milyon manata düşüb.
“Premium Bank”ın əməliyyat mənfəətində 1,4 milyon manat, “Naxçıvan Bank”da 0,6 milyon manat, Bank Milli İranın Bakı filialında isə 0,2 milyon azalma müşahidə edilib.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay