Kredit faizləri yenidən artacaq? - Mərkəzi Bankdan cavab
Azərbaycan Mərkəzi Bankı ölkədə kredit faizlərinin yenidən artacağı ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, AMB-dən fiziki şəxslərin əmanətləri üzrə əldə edilən faiz gəlirlərinin vergiyə cəlb olunması birbaşa olaraq kreditlər üzrə faiz dərəcələrinin artımını şərtləndirmədiyi bildirilib:
“Belə ki, vergi tətbiqinin istər depozit, istərsə də kredit faiz dərəcələrinə təsiri bu məhsullar üzrə tələb və təklifdən asılıdır. Qeyd olunmalıdır ki, fiziki şəxslərin müddətli əmanətləri bank sektorunun aktivlərinin cəmi 13,2 faizini formalaşdırdığından banklar tərəfindən verilən kreditlərin maliyyələşməsində digər mənbələr daha əhəmiyyətli paya malikdir. Bu səbəbdən də fiziki şəxslərin müddətli əmanətləri üzrə bazar şərtlərinin dəyişməsinin kredit faizlərinə əhəmiyyətli təsiri gözlənilən deyildir.
Bununla belə, bankların ölçüsünə, biznes modelinə, aktiv və öhdəliklərinin strukturuna, risk iştahasına görə homogen olmaması səbəbindən gəlir vergisinin tətbiqinin də onların təklif etdiyi faiz dərəcələrinə təsiri eyni olmayacaq. Burada həm də nəzərə alınmalıdır ki, maliyyə sektorunda müştərilər uğrunda rəqabət kredit faizlərinin artımını məhdudlaşdıran əsas amillərdəndir”.
“Hazırda bank sektorunun mənfəətlə fəaliyyət göstərməsi, aktivlərinin keyfiyyətinin yaxşılaşması, kredit portfelinin böyüməsi, eləcə də likvidlik və kapital mövqelərinin qənaətbəxş olması müşahidə edilir. Eyni zamanda, Mərkəzi Bank tərəfindən real sektorun dəstəklənməsi istiqamətində bəzi requlyativ tələblərdə yumşalmalar kreditə əlçatanlığın artırılmasını hədəfləyir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ekspertlər hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Belə ki, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda banklar depozitlər üzrə faizləri artıracaq. Bank vətəndaşa daha çox dividend ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəlirində azalma baş verməsin. Bu, əslində, o deməkdir ki, Azərbaycanda kredit faizləri yenidən arta bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay