Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus bank 5,2 milyon zərər edib (TƏFƏRRÜAT)
Bu ilin ilk 2 rübü ərzində “Bank BTB” ASC-nin xalis zərəri 5 milyon 274 min manat olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat bank tərəfindən açıqlanan rüblük hesabatda yer alıb.
Məlumat üçün bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i (12 min 634 ədəd) Sadiq Rza İsmayıl oğluna, 6%-i (3 min 987 ədəd) isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
Qeyd edək ki, uzun illərdir mətbuatda "Bank BTB"nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu yazılır və bu məlumat bu günə kimi təkzib olunmayıb.
Onu da bildirək ki, hazırda Tibb Universitetinin Onkoloji Klinikasınında direktor müavini olan həkim-onkoloq Nigar İsmayıl qızı Mehdiyeva və Rza İsmayıl oğlu Sadiqin uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladları olduğu bildirilir.
İsmayıl Rza oğlu Sadıqov 1993-cü ilin iyul ayında Baş nazir Pənah Hüseynovun imzaladığı qərarla Nazirlər Kabineti elm, səhiyyə və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilərək Nazirlər Kabineti İşlər İdarəsi elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri təyin edilib. Ramiz Mehdiyevin qudası (gəlinin atası) olduğu bildirilən İsmayıl Sadıqov yaş senzinə görə 2018-ci ildə Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Onu da bildirək ki, “Bank BTB” ASC-nin əsas səhmdarı olan Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir. Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan “Şərq-Qərb” ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay