Səlim Müslümov birinci dəfə niyə həbs olunmuşdu? - Cinayət dosyesi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ardından keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da istintaqa çağırılması xəbəri yayılıb. Eyni komandanın nazirləri olmuş Məmmədovla Müslümov vəzifədə olduğu dönəmdə də daim mətbuatın diqqət mərkəzində olublar. Böyük talançılıqlarda adları çəkilib. Bu gün Ziya Məmmədov evində, Səlim Müslümov isə "içəri”də oturub. Maraqlıdır ki, o, istintaqa çağırılması ilə bağlı məlumatı şərh etməyib.
Səlim Müslümovun da həbsindən əvvəl istintaqa çağırılması xəbəri atası tərəfindən təkzib edilmişdi. Növbəti gün isə Səlim Müslümovu istintaqa çağırıb həbs etdilər. Yayılan məlumatlardan belə aydın olur ki, bu, Səlim Müslümovun "içəri” ilk gedişi deyil.
Onun adı maliyyə qalmaqalında ilk dəfə 1995-ci ildə hallanıb. O zaman Bəşər Hacıyev, Səlim Müslümov və Səbayelin icra başçısının birinci müavini Hüseyn Hüseynov 50 milyon dolları mənimsəməkdə ittiham edilmişdilər. Belə ki, bununla bağlı yayılan məlumatlara görə, Səlim Müslümov Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışdığı dönəmdə Azərbaycan Əmanət Bankından (indiki KapitalBank) milyonlarla vəsaitin "yoxa” çıxması ilə əlaqədar məsuliyyətə cəlb olunub. O zaman bankın Səbail filialının rəhbəri Bəşər Hacıyev də Səlim Müslümovla birgə həbs edilib. Hətta bu məsələyə görə maliyyə naziri Samir Şərifovun da başının ağrıdığı vurğulanır. İddia olunur ki, sözügedən maliyyə maxinasiyasına görə Bəşər Hacıyev uzun müddət "içəri” göndərilib, Səlim Müslümov isə 6 aydan sonra azadlığa buraxılıb.
Az sonra maxinasiyada adı hallanan Hüseyn Hüseynov Binəqədiyə icra başçısı göndərilib. Səlim Müslümovun da səsi Gömrük Komitəsindən eşidilməyə başladı. Ortada yoxa çıxan 50 milyon dollar isə Bəşər Hacıyevin razılığı ilə onun ayağına "oformit” olundu. 5 il sonra Bəşər Hacıyev artıq çöldə idi. Üstəlik onun sorağı Beynəlxalq Bankın Xırdalan şöbəsinin müdiri vəzifəsindən gəlirdi. Bəşər Hacıyev babat bir dəstə yaradıb xarici şirkətlərin bankdakı hesabından pulları çəkmədə ittiham olunurdu. Müslüm Səlimovun suç ortağı həmin əməllərinə görə növbəti dəfə "içəri” göndərildi. Artıq çıxıb və yenidən vəzifə almaq üçün ora-bura baş vurur.
Səlim Müslümova gəlincə, 2 il əvvəl nazir vəzifəsindən çıxarılandan adı baş nazirliyə iddialı kimi hallanırdı. Amma onu Milli Aviasiya Akademiyasında Dünya iqtisadiyyatı kafedrasının müdiri təyin etdilər. Hələ o günlərdə Səlim Müslümovun cinayət dosyesinin hazır olduğunu yazmışdıq.
2013-cü ildən 2018-ci ilin aprelinə kimi əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Səlim Müslümovun böyük yeyintilərinin üzə çıxdığı haqda çox ciddi mənbələrdən verilən xəbərlər vardı. Bildirilirdi ki, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunar-olunmaz adıçəkilən nazirlikdə ciddi kadr islahatlarına start verməklə yanaşı, Səlim Müslümovun zamanında yol verilən nöqsanların, yeyinti faktlarının araşdırılması ilə bağlı xüsusi tapşırıq verib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsaitin yoxa çıxmasının da məhz həmin yoxlamalar nəticəsində üzə çıxdığı iddia olunurdu. Həmin yazıdan sitat:
"Uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. Bildirilir ki, artıq ölkə başçısına bununla bağlı zəruri bilgilər verilib. Bu isə öz növbəsində, Səlim Müslümovun durumunu bir xeyli ağırlaşdıra, hətta sonda onun həbsi ilə nəticələnə bilər. Çünki ortada kifayət qədər ciddi ittihamlar, daha dəqiq desək, 2-2,5 milyard manatlıq yeyinti faktı mövcuddur. Ümumiyyətlə, Dövlət Sosial Müdafiə Fondunda mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb. Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, sözügedən fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb.
Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçilərinə artıq pensiya ödənilməsi kimi hallar var”.
O dövrdə yazılanlar Səlim Müslümovun həbsindən sonra yayılan rəsmi məlumatlarla təsdiqini tapır. Mümkündür ki, Səlim Müslümovun büdcədən çırpışdırdığı rəqəmlərin rəsmi olaraq açıqlanmaması rəqəmlərin milyardları aşması ilə əlaqədardır.
//Musavat.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay