Azərbaycan WFO-nun illik yığıncağında təmsil olunub (FOTO)
İtaliyanın paytaxtı Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş ofisində Ümumdünya Fermerlər Təşkilatının (WFO) illik yığıncağı keçirilib. Tədbirdə müxtəlif ölkələrdən dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər, ailə təsərrüfatları, kooperativlərin təmsilçiləri və fermerlər iştirak edib. İclasda Azərbaycanı Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı təmsil edib.
Tədbiri giriş sözü ilə açan FAO-nun Baş Direktoru Qu Dongyu yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin məsələsinə toxunub. O, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. FAO rəsmisi qeyd edib ki, qlobal çağırışların təsirləri fonunda aqrar sahənin intensiv inkişafı və daha dayanıqlı aqroərzaq sistemlərinin qurulması müasir texnologiyaların tətbiqindən birbaşa asılıdır. Qu Dongyu əlavə edib ki, rəqəmsal texnologiyaların tətbiqi aqrobiznes dəyər zəncirinin formasını dəyişdirməklə istehsal proseslərinin səmərəliliyinə, iqlim dəyişikliklərinə uyğunlaşmağa imkan verəcək.
Tədbirdə çıxış edən mütəxəssislər iqlim dəyişikliyinin aqrar sahəyə təsiri ilə bağlı öz bilik və təcrübələrini bölüşüb, iqlim dəyişikliyi və qlobal istiləşmə fonunda torpaq və su resurslarından səmərəli istifadənin təşkilinin zəruriliyini diqqətə çatdırıblar.
Açılış mərasimindən sonra aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib. “COP28-dən COP30-a: Kənd təsərrüfatı və qida sistemlərinin İqlim Fəaliyyətinə inteqrasiyası” mövzusunda keçirilən panel sessiyada çıxış edən AKİA-nın sədr müavini Leyla Cabbarlı ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Leyla Cabbarlı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. O bildirib ki, Azərbaycan hökuməti ətraf mühitə mənfi təsirlərin yumşaldılması, istixana qazlarının azaldılması, təbii resurslardan səmərəli istifadə, biomüxtəlifliyin, ekosistemlərin qorunmasına xüsusi diqqət yetirir. Bununla yanaşı, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına davamlı dövlət dəstəyi bu sektorda istehsal göstəricilərinin mütəmadi yüksəldilməsini stimullaşdırmaqla innovativ texnologiyaların tətbiqi imkanlarını genişləndirir.
Panel sessiyalarda ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar innovasiyaların rolu, innovativ həllərin tətbiqi ilə məhsuldarlığın artırılması, torpaq və su resurslarından daha səmərəli istifadə olunması, aqrar sahədə innovasiya və rəqəmsallaşmanın tətbiqi istiqamətində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Tədbir digər panel çıxışları və sual-cavab sessiyaları ilə davam etdirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay