Azərbaycanda kiloqramı 2400 manata çay satılır - Bəs alıcıları kimlərdir?
Azərbaycanda bir kiloqramının qiyməti səkkiz manatdan 400 manata qədər olan çayların satılması barədə məlumat yayılıb.
Lənkəranın çay bazarında müxtəlif çay sortları satılır.
Bəs bu çayların hansı özəllikləri var?
Valyuta.az xəbər verir ki, Lənkərandan olan fermer Əsəd Nəsirov bildirib ki, altı növ çayları var və kiloqramının qiyməti 120-210 manat arasında dəyişir:
“Onlar 50, 100 və 250 qramlıq qablaşdırılır və ölkəmizdə satılır. Dünyanın hər yerində yüksək dağlıq ərazidə yerləşən çay plantasiyalarındakı məhsullar bahalı olur. Bizim çay plantasiyamız da dəniz səviyyəsindən 1 000 metr yüksəklikdə yerləşir. Həmin çaylar daha keyfiyyətlidir. Bu cür çaylar inci, qızıl buketlər formasındadır. Onların bir kiloqramının qiyməti 800-1 200 manat arası dəyişir”.
Ə.Nəsirov deyir ki, kiloqramı nəinki 400, hətta 2 400 manata olan çaylar da var:
“Bu çaydan az miqdarda yığılır. 35 hektarlıq ərazidən il ərzində 60-70 kiloqram buketlər yığılır və emal edilir. Onlar iyulun 15-dən avqustun 15-nə kimi yığılır. Bu çayların tərkibi tanin və kofeinlə zəngindir”.
O qeyd edib ki, həmin çaylar satılmır:
“Heç alan da yoxdur. Əgər kimsə bu çaydan hədiyyə etmək istəsə, 50 qram və 100 qram alır. İl ərzində maksimum 800-900 qram satılır. Artıq bu ildən sonra həmin çayı da emal etməyəcəyik. Bəlkə, bu çay ixrac edilsə, satılar. Avropada həmin tip çayların qiyməti 4 000-4 500 avrodur”.
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanda qiyməti 400 manat və daha baha olan çayların xarici bazarda satılması üçün təbliğat aparılmalıdır:
“Azərbaycan çayı dünya bazarında satılır. Mən özüm də xaricdə çaylarımızın satışına rast gəlmişəm. Amma bahalı çayın dünya bazarlarında satılması üçün məhsulu təyinatı üzrə alıcıya çatdırmaq lazımdır. Bunun üçün ciddi reklamı, təbliğatı aparılmalıdır”.
Ekspert qeyd edib ki, Azərbaycanda çay plantasiyalarının salınması üçün yerlər məhduddur:
“Sadəcə, Astarada, Lənkəranda iqlim uyğundur və çay yetişdirmək üçün yerlər var. Ucuz çayı Çin, Hindistan və Şri-Lanka istehsal edir. Çünki orada torpaq, iqlim buna uyğundur. Biz düşünməməliyik ki, bu cür çay istehsal edib satsaq, dünyada Çin, Hindistan və Şri-Lanka ilə rəqabət aparacağıq. Onları dünya çay istehsalçısı kimi tanıyır”.
X.Kərimli əlavə edib ki, ölkəmizdə bizim marka adı ilə satılan çaylar da var ki, onları xaricdən gətirib, qablaşdırırlar.
©Oxu.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay