
Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs
Rəqəmsal marketoloq Mirsəid Hüsülü yazır…
Ötən gün sosial şəbəkələrdə ciddi səs-küyə səbəb olan bir RTM (Real-Time Marketing) paylaşımı geniş şəkildə müzakirə olunur. Bildiyimizə görə, qəza keçirən BYD markalı avtomobilin fotoları götürülərək montaj edilib və “Embawood” brendinin avtomobili kimi təqdim olunaraq RTM paylaşımı hazırlanıb.
Əvvəlcə deyim ki, bu, sadəcə “səhv post” deyə keçiləcək məsələ deyil. Burada məsuliyyət 50/50-dir. Rəqəmsalçı səhv edə bilər, amma bu cür kəskin nəticəyə səbəb olan səhvlər bir nəfərlik məsələ deyil. Komanda içində korrektə mexanizmi yoxdursa, rəhbərlik nəzarəti və dəstəyi vermirsə, bu nəticə qaçınılmaz olur. O postda sadəcə BYD-nin deyil, eyni zamanda “Embawood” brendinin də etibarı zərbə aldı. Və bunun cavabını təkcə bir əməkdaşa yükləmək – ciddi idarəetmə problemi deməkdir.
Nəyə görə əməkdaş məsələsini dedim? Çünki bu kimi situasiyalarda bəzən rəhbərlik rəqəmsalçını işdən çıxarmaqla məsələni həll etdiyini düşünür. Təəssüf ki, belə yanaşmalar hələ də var. Amma bu hadisə bir daha göstərdi ki, “pul verməyim, iş getsin” prinsipi ilə rəqəmsal iş aparmaq mümkün deyil. Hazırda yeni rəqəmsalçı axtarırlar və maaş olaraq 700-800 manat təklif edirlər. “Embawood” kimi brend üçün bu rəqəm açıq şəkildə absurddur. Rəqəmsal marketinq artıq 2025-ci ildə lüks yox, zərurətdir. Kartlar dəyişib - brendini sevən və ona yatırım edən rəhbərlər bu gün daha çox qazanır.
Belə halların qarşısını almaq üçün nə edilməlidir?
Rəqəmsal marketinqdə keyfiyyət istəyirsənsə, bu sahəyə keyfiyyətli yatırım da etməlisən. Bu cür hadisələr rəhbərlik üçün siqnaldır: “Brendimi kimin əlinə tapşırıram?” Rəqəmsal marketoloq – sadəcə post düzəldən yox, strateji düşünən, riskləri dəyərləndirən və trendləri təhlil edən mütəxəssisdir. 700 manatlıq maaşla bu dərinliyi gözləmək qeyri-real olur.
Qısası, marketinq “kolxoz” deyil. Hər adam da rəqəmsal marketoloq kimi ağır yükü çiyninə götürüb zirvəyə daşıya bilməz. Bu hadisə bir çox rəhbərləri düşündürməlidir: "Mən brendim üçün nə qədər yatırım edirəm və kimlərə etibar edirəm?" Rəqəmsal sahə artıq oyunun özüdür, kənar deyil. Ona ciddi yanaşmayan brendlər isə belə RTM-lərlə üz-üzə qalmağa davam edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay