BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
43205

“Hesab edirəm ki, ölkəmizin insanı üçün Azərbaycan məhsulları əlçatan olmalıdır. Biz tarixi köklərə malik olan məhsul ilə gözəl qablaşdırılmış məhsulun fərqini bilirik”.

Latviyanın kənd təsərrüfatı nazirinin müavini Normunds Şmitsin rəhbərlik etdiyi nümayəndə heyəti bugünlərdə Azərbaycanda səfərdə idi. Səfər sırasında Normunds Şmits Valyuta.az-ın suallarını cavablandırıb.

- Sizi Azərbaycanda görməyimizə şadıq.

- (Gülür) Doğrudan şadsınız? Məmnun oldum. Suallarınızı cavablandırmağa hazıram.

- İlk növbədə Azərbaycana səfərinizin məqsədi barədə məlumat verməyinizi istərdik.

- Bizim komandamız Latviyanın Kənd Təsərrüfatı Nazirliyinə 5 ay əvvəl gəlib. Qarşımızda böyük məqsədlər var. İlk növbədə ölkəmizlə normal münasibətləri olan dövlətlərlə aqrar sahədə də əməkdaşlıq etmək üçün aktiv iş aparırıq, əlaqələrimizi inkişaf etdiririk. Hazırda Türkiyə ilə bu əməkdaşlıq inkişaf mərhələsindədir. Bir sıra ölkələrlə əməkdaşlıqda texniki və hüquqi problemlər mövcuddur. Müəssisələrin, məhsulların təhlükəsizliyinin tanınması ilə bağlı bəzi məsələlər həll edilməlidir. Ümumilikdə, hazırda müxtəlif müstəvilərdə bəzi problemlər var, biz onların aradan qaldırılması istiqamətində intensiv iş aparırıq. Yaxın gələcəkdə tamamilə fərqli və keyfiyyətli münasibət qura biləcəyimizə ümid edirik. Azərbaycana səfərimizə gəlincə, bizim Azərbaycandan bir sıra məhsullar idxal etməyə marağımız var, müvafiq olaraq, öz məhsullarımızı Azərbaycana təklif edə bilərik. Ölkənizlə işgüzar əlaqələr yaradırıq, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və AZPROMO (İxrac və İnvestisiyaların Təşviqi Agentliyi- red) ilə bir sıra ciddi müzakirələr aparmışıq.

 

“İlk işi sahibkarlar görüblər”

 

- Ümumiyyətlə, hazırda Latviya ilə Azərbaycanın kənd təsərrüfatı sahəsində əməkdaşlığı hansı səviyyədədir?

- İlk işi sahibkarlar görüblər. Onlar öz aralarında müəyyən məhsul qrupları üzrə əməkdaşlıq edirlər. Azərbaycanın tərəvəz və meyvələri hazırda Latviya bazarında var. Eyni zamanda, Azərbaycanda Latviya müəssisələri ilə işləyən istehsal müəssisələri və distribütorlar fəaliyyət göstərir və mağazalarınızda Latviyanın süd, ət məhsulları satışdadır. Onlar keyfiyyətli və çeşidli məhsullar istehsal edən müəssisələrə məxsusdur. Qeyd edim ki, Latviyada “Azərbaycan ticarət evi” açılıb. Burada da bəzi nüanslar, geosiyasi aspektlər mövcuddur, bu sahədə inkişaf var və əməkdaşlığı davam etdirmək arzusundayıq.

- Sovet vaxtı Azərbaycan məhsulları Latviya bazarında daha çox olub. Düşünürəm ki, bizim məhsullar latviyalılar üçün o vaxtdan tanış daddır. Maraqlıdır, latviyalılar hansı Azərbaycan məhsullarını bəyənirlər?

- Fındıq, xurma qurusu, ümumiyyətlə, quru meyvələr, təzə xurma, nar və s. məhsullar bizdə yoxdur. Bunlar bazarımızda görmək istədiyimiz və ehtiyacımız olan məhsullardır. Azərbaycan məhsullarının dadını bilirik və bu məhsulların Latviya vətəndaşları üçün əlçatan olmasını istəyirik. Əlbəttə ki, biz eyni məhsulları Avropadan da ala bilərik, amma orada tam fərqli dad və qiymətlər olacaq. Orada bəlkə də daha gözəl, cəlbedici təqdimat mövcuddur, lakin keyfiyyət fərqlidir. Ona görə də hesab edirəm ki, ölkəmizin insanı üçün Azərbaycan məhsulları əlçatan olmalıdır. Biz tarixi köklərə malik olan məhsul ilə gözəl qablaşdırılmış məhsulun fərqini bilirik.

- Bəs Azərbaycan aqrar sektorda Latviyadan hansı məhsulları idxal edə bilər?

- Biz müxtəlif məhsullar üzərindən danışa bilərik. Məsələn, ixrac üçün təklif edə biləcəyimiz meşə fidanlarımız (tinglər) da var. Biz Latviyada dövlət proqramı ilə bu sahəni inkişaf etdirmişik. Azad edilmiş regionlarda meşələrin bərpası, tikinti işlərinin aparılmasına kömək edə biləcək şirkətlərimiz var. Bu məsələlərlə bağlı daha praktik, daha real işləmək lazımdır. Biz çalışırıq ki, Azərbaycanla etdiyimiz müzakirələr kağız üzərində qalmasın, onların real nəticəsi olsun. Bunun üçün dostluq, qarşılıqlı etimad lazımdır. Etimad isə görüşlər vasitəsilə qazanılır. Biz anlayırıq ki, işin nəticəsi də olmalıdır və elə səfərimizin məqsədi də budur. Bizim Azərbaycandakı səfirimiz Edqars Skuja da yenidir, 5 aydır ki, ölkənizdədir. Biz onunla tanışıq, Rusiyada da birlikdə işləmişik. Müəyyən təcrübəmiz var, bir-birimizi başa düşə bilirik. Əminəm ki, biz birlikdə Azərbaycan – Latviya əlaqələrini daha yüksək templə inkişaf etdirə biləcəyik. Biz dostuq və bu dostluq birgə fəaliyyətimiz üçün də önəmlidir.

 

“Səfirliyin xətti ilə ölkənizə gələn, işlər görmək istəyən müəssisələrimiz az deyil”

 

- Bu gün Azərbaycan vətəndaşını düşündürən bir məsələ də var – işğaldan azad edilmiş ərazilərin bərpası. Latviya Qarabağın bərpası üçün hansı layihələri təklif edə bilər?

- Bu suala cavab verməyə çətinlik çəkirəm. İlk növbədə nələrə ehtiyac olduğunu öyrənməliyik ki, ona uyğun təklif verək. Meşələrin bərpası, tikinti-inşaatı qeyd elədim, eyni zamanda elektrik enerjisi quraşdırılması, işıqlandırma və s. sahələrdə inkişaf etmiş ixtisaslı müəssisələrimiz var. Bir sözlə, təkliflərimiz müxtəlif ola bilər. Əvvəlcə, vəziyyəti öyrənməli, sizin nələrə daha çox ehtiyac duyduğunuzu bilməliyik. Məlumatlar mərkəzləşdirilmiş qaydada öyrənilməlidir. Yalnız bundan sonra konkret plan üzrə fəalliyət proqramı da tərtib etmək mümkündür. Bir daha vurğulayım ki, bu barədə geniş məlumata malik deyilik. Lakin səfirliyin xətti ilə ölkənizə gələn, işlər görmək istəyən müəssisələrimiz az deyil. İndi çalışırıq ki, fəaliyyətimizi vahid mərkəzdən kordinə edək. Əsas odur ki, belə niyyət var. Çalışmaq və qazanmaq istəyən iş dairələri mövcuddur. Sadəcə, bu prosesə bir təkan vermək lazımdır. Biz hazırda elə bu işlə məşğuluq.

- Yəqin ki, səfərdən öncə müəyyən araşdırmalar aparmısınız. Necə düşünürsünüz, Azərbaycan bazarında Latviyanın hansı kənd təsərrüfatı məhsullarına tələb var?

- Düşünürəm ki, hazırda sizin bazarda bizim təklif edəcəyimiz süd məhsullarına, xamaya, konservlərə tələbat var. Ət məhsulları da ixrac edirdik, hazırda bu istiqamətdə tədarük dayanıb. Ölkənizdə sistem tənzimlənir, keyfiyyət standartları ilə bağlı tələblər yüksəlib, müvafiq sənədlər üzərində yeni iş gedir. Siz də sənədləri qaydasında olan məhsulları almaq istəyirsiniz. Bu da təbii ki, yaxşı haldır. Odur ki, bu məsələ bir qədər vaxt aparır. Digər tərəfdən, biz “yaşıl kursa” uyğun olmalıyıq, bütün pestisidlər üçün dəqiq tənzimləməmiz var. Bu da məhsullarımızı daha bahalı edir və buna görə bu bazara girmək çətinləşir. Çünki daha bahalı məhsulun alıcısı az olur. Bütün bunlar işləri çətinləşdirən, lakin daha maraqlı edən nüanslardır.

- Latviyalı sahibkarlar bu ilin may ayında “InterFood Azerbaijan” Beynəlxalq Qida Sənayesi Sərgisinə gəlməyi planlaşdırırlar. Orada hansı məhsullarla iştirak edəcəksiniz?

- Bu barədə dəqiq məlumata malik deyiləm. Latviyada hər bir qurumun öz səlahiyyətləri var. İş adamları, müxtəlif qruplar mənə məruzə etmirlər ki, hansı sərgidə hansı məhsulla iştirak edəcəklər. Latviyada azad bazar mühiti hökm sürür, odur ki, konkret nəsə deməyə çətinlik çəkirəm. Sahibkarlarımız fəaliyyətlərində tam sərbəstdirlər. Sərgidə hansı məhsullarla iştirak etmək onların özlərinə bağlıdır. Şərtləri biz yox, bazar diqtə edir.

 

“Biz mühit yaradırıq ki, iş adamları rahat işləyə bilsinlər, qazansınlar”

 

- Yaxın vaxtlarda Latviya ilə Azərbaycan arasında hansı birgə sənədlərin imzalanması planlaşdırılır?

- Yaxın vaxtlarda iki ölkə arasında bir memorandum imzalanacaq. Biz istəyirik ki, səfərimizin konkret nəticəsi olsun. İndi bəzi kiçik anlaşılmazlıqları, maneələri aradan qaldırmaq istəyirik. Bizneslərin əməkdaşlıq etməsi üçün münbit mühit yaratmalıyıq. Biz mühit yaradırıq ki, iş adamları rahat işləyə bilsinlər, qazansınlar. Eyni zamanda hər iki ölkədə kənd təsərrüfatı sahəsində məhsul təminatı həll edilsin və nəticədə yeni iş yerləri yaransın. Bunun üçün yalnız sənəd imzalamaqla işlər yekunlaşmır. Qeyd etdiyim kimi, qarışılıqlı etimad, anlayış olmalı, maneələr aradan qaldırılmalıdır. Bu, formal kağızdan daha vacibdir.

- Planda birgə məhsul istehsalı varmı?

- Nəzərə alaq ki, artıq belə bir təcrübə var və düşünürəm ki, bu, davam etdirilməlidir. Birgə məhsul istehsalı ilə bağlı fikir mübadiləmiz olub, amma hələ ki onları vaxtından əvvəl səsləndirmək istəməzdim. Çünki planlı davranmaq lazımdır. İstehsal belədir ki, xammal və yarımfabrikatlar istehsal olunacaq ölkəyə gətirilir. Bunun üzərinə isə nəqliyyat və digər xərclər gəlir. Bu xərclər də detallı hesablanmalıdır ki, istehsalın nə dərəcədə sərfəli olacağı müəyyən edilsin. Məsələn, əlavə xərclərdən yayınmaq üçün qablaşdırma Azərbaycanda - istehsalçı ölkədə təşkil oluna bilər. Bütün bunlar hələ fikir mübadiləsi səviyyəsindədir, amma reallaşacağına inanıram.

- Əvvəllər müştərək süd istehsalı zavodunun tikintisi ilə bağlı razılaşmanın olduğu bildirilirdi. Bu istiqamətdə hansı işlər görülür?

- Mən bu barədə eşitmişəm. Deyə bilərəm ki, biz süd məhsulları sahəsində əməkdaşlıq edəcəyik. Çünki səfərimizin səbəblərindən biri süd məsələsi ilə bağlı danışıqlar idi. Biz bilirik ki, Azərbaycanda süd və süd məhsullarının qıtlığı var. Avropada isə problem başqadır, məhsulumuz var, amma qiymət çox aşağıdır. Geosiyasət bazara öz şərtlərini diqtə edir. Bunu nəzərə almaq lazımdır. Biz də alternativ bazarlar axtarışındayıq. Bu baxımdan, Azərbaycanla əməkdaşlıq bizim maraqlarımıza tam cavab verir.

 

“Azərbaycana balıq məhsulları ixrac edən sahibkarlarımız deyirlər ki...”

 

- Ölkələrimiz arasında idxal-ixrac prosesinin uğurlu olması üçün daha nələri nəzərə almalıyıq?

- Yanaşma budur ki, ixracda maraqlısansa, ixrac edə biləcəyin ölkələrin istəklərini nəzərə almalısan. Azərbaycan bazarında bizim balıq məhsulları, konservləri mövcuddur. Azərbaycana balıq məhsulları ixrac edən sahibkarlarımızla ünsiyyətimiz var. Onlar deyirlər ki, məhsulları göndərdikləri ölkələrə uyğun xüsusi reseptlə hazırlayırlar. Hər ölkənin öz nüansları var. Məsələn, biz ayran almırıq, çünki bizdə bu içki ilə bağlı ənənə yoxdur. Bizim üçün bu yad daddır. Azərbaycan bazarında isə maral əti azdır, çünki belə ənənəniz yoxdur. Maral əti isə bizdə delikates sayılır. Onu deməyə çalışıram ki, başqa xalqı dad ənənələrini dəyişdirməyə məcbur etmək mümkün deyil. Ona görə də, hansı ölkəyə məhsul ixrac edəcəksənsə, o ölkəyə xüsusi yanaşman olmalıdır. Hara və nə göndərəcəyini dəqiq bilməlisən. Bu məsələlər qarşılıqlı müzakirələr nəticəsində həll edilir.

- Latviya Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının alınmasından imtina etdi. Hazırda qadağanın tətbiqi qaydaları hazırlanır. Bu qadağalar kənd təsərrüfatınıza necə təsir etdi?

- Unutmayın ki, biz Avropa İttifaqı ölkəsiyik, imzaladığımız müqavilələrə uyğun hərəkət etməliyik. Qadağaları tətbiq etməyə dair bütün qərarlar Aİ tərəfindən verilir. Yerli hər hansı məhdudiyyət tətbiq edə bilərik, amma bu, vəziyyəti dəyişməyəcək, çünki başqa ölkələr  müqavilə imzalamayacaq. Siyasət dərin sahədir. Maraqlar və emosiyalar bəzən qarışır. Lakin siyasətin əsas qayəsi maraqların təmin edilməsidir. Bu baxımdan, bu qadağalara ümumi yanaşsaq, görərik ki, aqrar sektor qadağalardan əziyyət çəkir, xüsusən taxıl istehsalı ilə məşğul olanların çətinlikləri var. Avropa ölkələrində bu hal özünü daha qabarıq biruzə verir. Həm Rusiyada, həm də Ukraynada məhsuldarlıq yüksək idi. Avropada traktor sürücülərinin, fermerlərin etirazları göstərir ki, problemlər ciddidir. Onlar pul itirirlər, texnikaya olan borclarını ödəyə bilmirlər. Aqrar sektorun maliyyələşdirilməsi banklar vasitəsilə həyata keçirilir. Bu fermerlər məhsulu satmalı, pul qazanmalıdırlar. Qazanclarının bir hissəsi isə kreditləri ödəməyə sərf olunacaq. Ancaq doymuş bazar şəraitində, kreditləri ödəyə bilmirsinizsə və məhsulun qiyməti çox aşağıdırsa, problemlər yaranır. Həm “yaşıl kursu” təmin etmək, həm də məhsul satışının vaxtının ləngiməsi xərc yaradır. Bütün bunlar çox baha başa gəlir. Ödəniş isə aqrar sektorun çiyinlərinə düşür. Həm xərcləri qarşılamalıdırlar, həm də şərtlərə cavab verməlidirlər. Qadağalar problem yaradır. Bu, bizdən də asılı məsələ deyil. Geosiyasətin öz şərtləri var.

 

“Avropa ölkələrinə ixracın da müəyyən tələbləri var”

 

- Azərbaycana Latviyadan kənd təsərrüfatı texnikasının tədarükü planlaşdırılır?

- Biz səfər çərçivəsində bu məsələni müzakirə etmədik, sahibkarların əməkdaşlığı səviyyəsində məhsul və xammalla bağlı məsələlərə toxunduq. Amma qaldırdığınız məsələ barədə də fikir mübadiləsi apara bilərik. Bu müzakirəni mütəxəssislər səviyyəsində də davam etdirə bilərik. Əsas odur ki, biz əməkdaşlıqda maraqlıyıq və bu istiqamətdə addımlar atırıq. İnandırım ki, bu, heç də sıradan bir məsələ deyil.

- Qeyd etdiyiniz istiqamətlər üzrə məhsulların hər iki ölkənin bazarına çıxarılması hansı müddətdə həll olunacaq?

- Bu bizdən və işimizin intensivliyindən asılı olacaq.

- Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı hansısa hədəflər var?

- Ticarət dövriyyəmizlə bağlı statistik rəqəmlər var, amma onlarla öyünmək olmaz. Onlar bir təməldir. Hər iki tərəf də bu statistikanın daha yaxşı olmasını istəyir, ancaq hələ ki planlarla bağlı konkret rəqəm səsləndirə bilmərik.

- Latviya Avropa İttifaqının üzvüdür. Azərbaycan məhsullarının Avropa bazarına daxil olması üçün Riqa hansı yardımı edə bilər?

- Latviya müstəqil şəkildə hansısa ölkənin Avropaya çıxışını təmin etmir. Avropa İttifaqında şərtlər hamı üçün eynidir. Latviya Avropa ailəsinin bir üzvüdür, amma biz qərar vermirik. Bəli, biz hansısa yardımı edə, məsləhət verə, təkliflərimizi irəli sürə bilərik, lakin qərarı Aİ verir. Aİ bazarına çıxmaq üçün standartlar mövcuddur. Həmin standartlara cavab vermək əsas şərtdir. Azərbaycan idxal siyasətini özü nizamlayır. Yəni ölkəniz əmin olmaq istəyir ki, məhsul aldığı müəssisələr normalara, sanitar şəraitə nə dərəcədə uyğundur, məhsullar nə dərəcədə təhlükəsizdir və s. Avropa ölkələrinə ixracın da müəyyən tələbləri var. Avropa bazarına çıxış üçün Azərbaycana hansı şərtlər varsa, bizə də aiddir. Ona görə, ixracı planlayan ölkə tələbləri nəzərə alıb Avropa bazarına çıxa bilər. Burada dəqiq mexanizm işləyir.

 

“Təzə sıxılmış nar şirəsini xüsusilə bəyəndim”

 

- Səfər çərçivəsində Azərbaycanın hansısa regionuna səfər etdinizmi?

- Hazırkı səfərin planında bölgələrə səfər nəzərdə tutulmamışdı. İşlərimiz çox idi. Odur ki, nazirlik və otel arasında qalmışdım (Gülür). Ancaq kənd təsərrüfatı məhsulları satılan bazara getdim. Açığı, bazardakı məhsullar məni məftun etdi. Düşünürəm ki, sizin kənd təsərrüfatı məhsulları bizim ölkənin insanı üçün cəlbedici olacaq.

- Yerli məhsullarımızdan nələrin dadına baxdınız, nəyi bəyəndiniz?

- Qurudulmuş gavalı, qoz, hər şeyin dadına baxdıq. Yeni sıxılmış nar şirəsinin də dadına baxdım.  

 - Ağız dadınıza uyğun idi?

- Bir qədər qeyri-adi və fərqli dad idi, amma çox xoşuma gəldi.

- Özünüzlə nə aparacaqsınız?

- Yediklərimin hamısından aparacam. Dadına baxmaq üçün götürdüyüm başqa məhsullar da var. Təzə sıxılmış nar şirəsini xüsusilə bəyəndim. Doğmalarım üçün hədiyyə aparacağam.

Aygün Asimqızı // VALYUTA.AZ

Fotolar: Rəşad Mehdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin