BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
41503

Birinci kursda oxuyanda Fransada təhsil imkanı yaranır, amma fransız dilini bilmədiyi üçün çətin olacağını düşünür və getmir. Üçüncü kursda oxuyanda, yenidən bu ölkədə təhsil şansı yaranır, bu dəfə dili bilməsə də, çətinlikləri gözə alır və gedir... Deyir ki, çətin olur, amma bu təcrübə ona həm də həyatı öyrədir. “Əgər nəyisə çox istəyirsənsə, çətinlikdən keçmək normaldır, onu etməlisən ki, irəliləyəsən” deyir. Söhbət Valyuta.az-ın müsahibi olan “Bolt Food Azərbaycan”ın rəhbəri Dilarə Tomtiyevadan gedir.

- Universitetlərə qəbul imtahanlarında 645 bal toplamısınız. Tibb də seçə bilərsiniz.  Niyə biokimya üzrə təhsil almaq istədiniz?

- Mən oxumağı, məktəbə getməyi çox sevirdim. Kimya-biologiyaya həvəsim xüsusi idi. Anam da kimyaçıdır. Bəlkə onun da rolu olub. Həmçinin humanitar elmlərə böyük maraq göstərirdim. İngilis dilini yaxşı bilirdim, tarixi, ədəbiyyatı yaxşı oxuyurdum. Jurnalistika və beynəlxalq münasibətləri də özümə yaxın görürdüm. Ona görə, peşə seçimi etmək mənə çətin idi. Tez-tez fikrimi dəyişirdim. Nənəmlə babam həkim olublar. Buna görə mənə hər zaman həkimliyi məsləhət görürdülər. Mən də deyirdim ki, yox, mənə daha çox biokimya, biotexnologiya maraqlıdır. Ancaq çox istiqamətə maraq göstərdiyim üçün konkret qərar verə bilmirdim. 11-ci sinifdə təqaüd alıb “Flex” proqramı ilə Amerikaya getdim. Orada həm kimya, həm də biologiya dərslərini seçdim. Orada laboratoriya işləri elə maraqlı keçdi ki, qayıdanda biokimya, biotexnologiya ilə məşğul olmaq istəyimi qətiləşdirdim.

- O vaxt biokimyanı sizə maraqlı edən nə idi?

- 16 yaşım var idi və düşünürdüm ki, həkimlər insanları müalicə edirlər, amma bunun üçün onlar müəyyən cihazlardan, dərmanlardan istifadə edirlər. Mənə daha çox maraqlı idi ki, bu dərmanları necə daha yaxşılaşdırmaq olar, bu cihazlar necə əmələ gəlir? Bu tərəfdən faydalı olmaq istəyirdim.

 

“4 ilə yaxın Fransada oxudum”

 

- Təhsilə Azəbaycanda başlamısınız, sonra Fansaya getmisiniz. Bu necə oldu?

- Mən biokimya üzrə Bakı Dövlət Universitetində təhsil almağa başladım. Birinci kursda oxuyanda dövlət proqramı ilə yüksək bal toplayan biri olaraq Fransada təhsil imkanı yaranmışdı, amma cəhd etmədim. Fransız dilini bilmədiyim üçün bacarmaram deyə düşündüm. İngiltərə, yaxud Amerika olsa gedərdim. Üçüncü kursda bizim fakültə ilə Fransa səfirliyinin tərəfdaşlığı başladı və bu çərçivədə Fransa universitetlərinə təqaüd imkanı da yaranmışdı. Gördüm ki həyat məni Fransaya yönəldir (Gülür). Mühəndislik istiqaməti yaxşı olan təhsil müəssisəsi tapdım. Həm sahəmizin elmi, həm də biznes - idarəçilik, marketinq yönündə təhsil verirdi. Sənədlərimi göndərdim və təqaüdlü təhsil qazanıb Fransaya getdim. 4 ilə yaxın Fransada oxudum. Nəticədə ali mühəndislik diplomunu aldım.

- Yenə də fransız dilini bilmirdiniz. Fransadakı o 4 il necə keçdi?

- Bəli, ingilis dilini yaxşı danışsam da, fransızca bilmirdim. Təhsil isə fransızca idi. Bu səbəbdən çox çətin oldu. Eyni zamanda çox maraqlı dövr idi.  Həm fransız dilini öyrəndim, həm də insan kimi formalaşdım.

- İnsan kimi formalaşmaq deyəndə, misal olaraq nəyi deyə bilərik?

- Azərbaycanda oxuduğum 3 ildə həmişə əlaçı olmuşam, yüksək nəticələr göstərmişəm. Fransada isə yeni ölkədəsən və dili bilmirsən, bu zaman yüksək nəticə göstərmək çox çətin olurdu. O təcrübəni yaşamaq mənə özünü başqaları ilə deyil, yalnız dünənki özünlə müqayisə etmək bacarığı yaratdı. Özümə dedim ki, bugünkü Dilarə dünənki Dilarədən nəyisə daha yaxşı başa düşüb, daha yaxşı oxuyub, dili daha yaxşı öyrənib və s. Bu yanaşma karyeramda mənə çox kömək göstərib. Artıq özümü heç kimlə müqayisə etmirdim. Axırıncı illərdə nəticələrim yüksək idi. Hətta artıq mənim üçün yüksək nəticə yox, yeni nə isə öyrənmək, yeniliklərə cəhd etmək daha prioritet olmuşdu.

 

“Həmişə canım Azərbaycanı çəkirdi”

 

- Biokimyanı seçmə səbəbiniz bu sahənin bir az elmi yönünə görə olub, amma sonra bu sektorun biznes tərəfində  davam etmisiniz. Səbəb nə idi?

- Biotexnologiya böyük sahədir. Fransada təhsil aldığım müəssisə bizə bir neçə təcrübəni sınaqdan keçirmək imkanı verirdi. Bunu ona görə edirlər ki, özünü hansı istiqamətdə tapdığını müəyyənləşdirəsən. Təhsil müddətində həm elmi tədqiqat apardım, həmçinin də bu işin biznes, marketinq, məhsul inkişafı sahəsində özümü sınadım. Müəyyənləşdirdim ki, mən nəticəni qısa müddətdə görməyə meyilli insanam. Elmdə isə nəticə uzun müddət tələb edir. Sonda ya elmi tərəfi seçib doktorantura təhsili almalıydım, ya da bu sahənin biznes yönünü seçib Bakıya qayıdıb işləməli idim. Məhsulun inkişafı istiqamətini seçdim və 2013-cü ildə Bakıya qayıtdım.

- Fransız dilini öyrənmişdiniz, üstəlik, seçdiyiniz sahə üzrə Fransada iş imkanı Azərbaycandan daha çox olardı.  Dönmə səbəbiniz nə idi?

- Əslində, orada yaxşı dostlar qazandım, amma həmişə canım Azərbaycanı çəkirdi. Mən biotexnologiyanı seçəndə, çox nadir adamlar bu sahədə təhsil alırdı. İstəyirdim ki, oxuyandan sonra qayıdım və öyrəndiklərimi, bildiklərimi ölkəmdə tətbiq edim. Bu, mənim üçün çox vacib idi. Düzdür, yoldaşımın işi ilə bağlı xaricdə yaşadığımız da olub, amma həmişə Azərbaycana qayıdırıq.

- İngilis, fransız dili biliyi, xaricdə təhsil. Azərbaycanda iş tapmaq çətin olmadı?

- Əslində, dönəndə fikirləşirdim ki, iş tapmağım çətin olacaq. Çünki sahəm elədir ki, o istiqamətdə Azərbaycanda iş imkanı lap çox da deyildi. Fransada isə bu sahədə iş çox idi. Hətta düşündüm ki, iş tapmasam, Fransaya qayıdaram. Noyabr ayında Azərbaycana gəldim, əczaçılıq şirkətlərinə CV göndərdim. Yanvarda Danimarkanın “Novo Nordisk” əczaçılıq şirkətinin Azərbaycan nümayəndəliyində işə başladım. Böyük komanda olmasa da, beynəlxalq şirkət idi. Kiçik komandalarda belədir ki, şirkətdə bir deyil, bir neçə sahədə iş görməli olursan. Həm marketinqi, həm yeni dərmanları bazara çıxarılması, həm onların qeydiyyatının aparılması və s. çox maraqlı şeyləri hamımız edirdik. Orda çox şey öyrəndim. Düşünürəm ki, Bakıya qayıtmaq doğru qərar idi.

 

“Fikirləşdim ki, enerjimi bir istiqamətdə kökləməliyəm”

 

- Orda 2 il çalışdıqdan sonra ayrılmısınız və ölkə xaricində yaşamısınız.

- Həyat yoldaşımın işi ilə bağlı 2015-2018-ci illərdə biz ölkə xaricində yaşamalı olduq. Ona görə mən hər yerdən görə biləcəyim iş istəyirdim. Bir Amerika startapında marketinq işi daha uyğun oldu. Çünki daha çox onlayn işləyirdim. Bakıya qayıdandan sonra isə Azərbaycan Turizm Bürosunda sağlamlıq turizmi istiqamətində məhsul inkişafı sahəsində işə başladım. O sənaye də maraqlı idi, çox şey öyrəndim. Sonra fransız mühəndislik şirkətindən təklif gəldi. Bu, mənim işimə daha yaxın idi. Və buna görə qəbul etdim. Amma yenə biznes inkişafı ilə bağlı idi. Fərqli sənayelərdə olsam da, hər birində məhsul və biznesin inkişaf üzrə işləyirdim.

- YAZL deyə bir startapınız da olub. Startapa maraqlısınız?

- Startapda işlədiyim müddətdə məndə startaplara maraq yaranmışdı. Eyni zamanda o işi onlayn görürdüm deyə, onlayn işləmək bacarıqlarım çox yüksək səviyyəyə çatmışdı. Rezervasiyalardan ərzaq məhsullarının sifarişinə qədər hər şeyi onlayn edirdim. 2018-ci ildə Azərbaycana dönəndə, gördüm ki, bizdə onlayn xidmətlər o qədər də çox deyil, ağlıma bununla bağlı startap gəldi. Pandemiya dövründə onlayn xidmətlər daha da aktuallaşdı və mən bir startap qurdum. Startap restoran, gözəllik salonu, əyləncə məkanları və s. istiqamətində rezervasiya və müştəri idarə edilməsi ilə bağlı bir platforma idi.

- O startap niyə davam etmədi?

- Mən həm mühəndislik şirkətinin miqyasının genişlənməsini, həm də startapın uğurlu olmasını istəyirdim. Ancaq bu iki istəyi eyni vaxtda istədiyim kimi reallaşdırmaq mümkün deyildi. Ona görə, müəyyən vaxtdan sonra fikirləşdim ki, enerjimi bir istiqamətdə kökləməliyəm. “Bolt”dan təklif gələndə fikirləşdim ki, bu təklif artıq özündə bütün istədiyim şeyləri cəmləşdirir. Ona görə, bu komandanın bir üzvü olmağa razılaşdım.

 

“Startap ruhlu şirkətdir”

 

- 3 aydır “Bolt”dasınız. Necə bir mühitdir?

- Mühit, ab-hava çox mehribandır, hamı bir-birinə kömək edir. Yaradıcı mühitdir, bütün görüşlərimiz diskussiyalarla dolu olur. Qida çatdırılması olsa da, rəqəmsal istiqamətdir. Həmişə çox maraqlı ideyalar olur. Və onları sürətli, templi həyata keçirmək lazımdır. Belə iş mühiti mənim üçün xoşdur. Startap ruhlu şirkətdir, işdə bir enerji var. Mən də o mühiti qoruyub saxlamağa çalışıram.

- “Bolt”da hazırda planlarınız nələrdir?

- Bizim üçün hər bir müştəri, hər bir partnyor önəmlidir. Bütün fikirlərə, narazılıqlara açığıq. Hər bir keysi başa düşməyə, üzərində işləməyə və hər zaman xidmət keyfiyyətini artırmağa çalışırıq. Həm daimi, həm yeni müştərilərimiz üçün yeni layihələr hazırlayırıq. Hər ay bizim platformaya çox yeni restoran daxil olur. “Papa Johns” beynəlxalq brendi bizimlə əməkdaşlığa başladı. Layihələrimizə misal kimi deyim ki, yanvar ayında bizim minimal çatdırılma haqqımız 2 dəfə endirildi. Ən yaxın restoranlardan çatdırılma cəmi 49 qəpik oldu. Yeni layihələrimiz çoxdur. Ümidvaram ki, yaxın bir zamanda onlardan da xəbərdar olacaqsınız.

- İş yeri seçimində fikir verdiyiniz əsas nüanslar nələrdir?

- Mehribanlıq, komanda ruhu, şirkətin dəyərləri mənim üçün iş seçimində hər zaman önəmli olub. Komandada bizim üçün eyni şeylər dəyərli olmalıdır. Əgər belə deyilsə, uğurlu nəticə əldə etmək çətin olur. Xoşbəxt adamam ki, bu cəhətdən bəxtim gətirib.  

- İdarəetmədən danışaq. Bu sahə də bacarıq tələb edir. Ancaq çox rəhbərin bu cəhətdən sınaq dövrü olur. Sizdə belə dövr olub?

- İdarəetmə cəhətdən yəqin ki, ən çətin mühitim öz startapım olub. Çünki bütün başqa şirkətlərdə idarəçilik pozisiyalarda mən nəyinsə bir hissəsi idim. Bu isə öz proyektim idi və tək öz sahəmi deyil, bütün sahələri idarə etməli idim. Əlbəttə ki, çətindir, çünki bəzi sahələr xoşuna gəlir, bəziləri xoşuna gəlmir. Amma hamısı ilə məşğul olmalısan. O təcrübədə gördüm ki,  əsas öyrəndiyin və öz üzərindən işlədiyin elə o sahələrdir. O idarəçilik təcrübəmdən çox şey öyrəndim. Çünki hər şey sıfırdan qurulurdu.

 

“Neçə illik təcrübədən sonra sən 10 addım geri gedirsən...”

 

- Nəyi sevmirdiniz, amma öyrəndiniz?

- Mən adətən, biznes inkişafında işləmişəm, amma satış departamentlərində çalışmamışam. O bir az başqa bacarıqlardır. Öz startapımda onu da etdim və mənim üçün çətin idi. Çünki neçə illik təcrübədən sonra sən 10 addım geri gedirsən, bir-bir insanlara öz məhsullarını satırsan. Çətin olsa da, etdim və müəyyən vaxtda uğurla da oldu. Yəni mənim üçün çox maraqlı idi. Ondan sonra da fikirləşdim ki, nəyisə yaxşı bacarmadığını düşünürsənsə, sən sadəcə öz üzərində çox işləməlisən. Və nəticəsi olacaq.

- İdarəetmədə sizin üçün önəmli olan nədir?

- Burada mənim ayrıca kabinetim yoxdur. Komanda ilə bir yerdə otururam. Bunu önəmli hesab edirəm. Eyni zamanda, diskussiyaya açıq olmağın tərəfdarıyam. Mən ingilislərin dediyi “yes people”ı (həmişə «hə» deyən, səninlə həmişə razılaşan adamlar) qəbul etmirəm. Xoşlayıram ki, komandam həmişə mənimlə diskussiyada olsun, nədənsə narazıdırsa, bildirsin. Ortaq bir məxrəcə gələ bilərik. Həm də hansısa ideyalar, təkliflər olsa, gəlsinlər danışaq, diskussiya aparaq. Şəffaflığın tərəfdarıyam. İstəyirəm ki, şirkətdə çalışan hər kəs bizim böyük məqsədi görsün. Komanda, şirkət olaraq hara getdiyimizi bilsinlər. Bunu bilmək onların işini daha da asanlaşdırır. Fikirləşirəm ki, mənim komandam həmişə motivasiyalı olmalı, işə gülərüz, həvəslə gəlməlidir. Hər şey edirəm ki, belə bir komanda ruhu olsun.

 

“Mənim üçün 9-dan 6-ya kimi oturanlar yaxşı işçi deyil”

 

- Dilarə xanım, karyeranızda irəliləmək sizcə, nəyin sayəsində oldu?

- Mənə elə gəlir ki, ən əsası işdən və nədənsə başlamaqdan qorxmamaqdır. Nə çətin işdən, nə də hansısa başlanğıc pozisiyadan qorxmamışam. Çünki bilirdim ki, işləməyi bacarıram və özümü göstərə bilərəm. Sadəcə olaraq, mənə başlamaq lazımdır.

Bütün təkliflərdən yararlanmağa çalışıram. Birinci dəfə Fransada təhsildən çətin olacağını düşündüyüm üçün imtina etmişdim. İkinci şansda Fransaya getdim, düzdür, çətin oldu, amma çox şey qazandım. Əgər nəyisə çox istəyirsənsə, çətinlikdən keçmək normaldır, onu etməlisən ki, irəliləyəsən.

Yaxud yeni başlayanlar “mənim işim budur” deyib başqa hansısa iş olanda, çəkinirlər. Mənə elə gəlir ki, əgər insan karyerada uğurlu olmaq istəyirsə, ona toxunan hər bir sahəni, hər bir departamentin işini başa düşməlidir. Başqa işi görmək bu anda sənin üçün əlavə yük kimi gələ bilər, amma əlavə təcrübə, bacarıq qazanmış olursan.

Əgər sən qabağa getmək istəyirsənsə, hərdən bir addım geri atmaq da problem deyil. Ətrafındakı insanlardan kömək istəməkdən çəkinməməli, onlarla ünsiyyətdə olmalısan. Onlardan öyrənməli və sən də nə isə öyrətməlisən. Həmişə valideynlərim, həyat yoldaşım, iş yoldaşlarım məni dəstəkləyiblər, köməklik ediblər.

- İşə gündəlik nə qədər vaxt sərf edə bilirsiniz?

- Mənim üçün saat 9-dan 6-ya kimi işdə oturmaq hələ yaxşı işçi olmaq deyil. Yaxşı işçi odur ki, ortada nəticə olsun. Hər kəsin öz üsulu var, hər kəsin öz tempi var, əsas nəticədir. Özümə bağlı da nəticəyə fokuslanıram. Əvvəllər həddindən artıq ekstra işləyirdim. İndi çalışıram ki, işlərimi prioritetləşdirim, təcili olanları tez bir zamanda yerinə yetirim. Hazırda iş və həyat balansı qurmağa çalışmışam. Ailəm, uşaqlarım var, onlara da vaxt ayırım. Çox işləməyə meyilli olan insanlar üçün çətindir, amma lazımdır. Yəni balansı saxlamaq iş üçün də çox yararlıdır. Çünki sənin asudə vaxtın var, istirahət edirsən və işə yeni güc, yeni ideyalar ilə gələ bilirsən.

- İşdən kənar nələrə vaxt ayırırsınız?

- Daha çox vaxtımı uşaqlara sərf edirəm. Bir yerdə filmlərə baxırıq, kitablar oxuyuruq. Özümə də vaxt ayırmağa çalışıram. İdmanla məşğul oluram, kitab oxuyuram. Hərdən vaxtım olmayanda podkastlara, audio-kitablara qulaq asıram. Bu da çox çətindir, çünki oxumağı çox sevirəm.

Aygün Asimqızı // VALYUTA.AZ

FOTOLAR: Rəşad Mehdiyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Mühüm açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin